Gürcüstan, Tbilisi, 29 aprel /Trend, müxbir N.Kirsxaliya/
Bakı-Tbilisi-Qars dəmiryolunun inşası layihəsinin həyata keçirilməsi Qərb və Şərq arasında körpünün yaradılmasına imkan verəcək. Bu barədə cümə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan biznes forumunun yekunları ilə bağlı bildirib.
"Bu, çox vacib layihədir, yüksək iqtisadi mənfəəti təmin edir və həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi davamlılığını təmin edəcək", - nazir deyib. - "Biz ölkələrimizin iqtisadiyyatına ciddi gəlir gətirəcək bu layihənin tezliklə həyata keçiriləcəyinə ümid edirik".
Nazir qeyd edib ki, Bakı ixracın diversifikasiyasında maraqlıdır və bu, həm neft məhsullarının və qazın ixracına, həm də nəqliyyat şəbəkələrinin genişləndirilməsinə aiddir.
"Bununla əlaqədar Bakı-Tbilisi-Qars maşrutu üzrə dəmiryol əlaqəsinin əhəmiyyətini yenidən qiymətləndirmək olmaz", - deyib.
Mustafayevin sözlərinə görə, Gürcüstan Azərbaycan üçün ixracın diversifikasiyasında əsas yollardan biridir.
"Bu gün iki ölkə arasında illik ticarət dövriyyəsi 450 milyon dollardan çoxdur, lakin bizim mənimsənilməmiş potensialımız var və bu göstəricinin artacağına ümid edirik", - nazir deyib.
Bakı-Tbilisi-Qars marşrutunun Gürcüstan hissəsinin yenidən qurulması üçün Azərbaycan Dövlət Neft Fondu 200 milyon dollar ayırıb.
Bu dəmiryol qolu və Bosfor üzərində dəmiryolun tikintisi Bakı və Sofiya arasında nəqliyyatın bu növü üzrə əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Odur ki, layihələr beynəlxalq əhəmiyyət daşıyır.
Layihənin reallaşmasının 2011-ci ildə başa çatacağı gözlənilir.