Azərbaycan, Bakı, 22 may / Trend. N.İsmayılova /
Azərbaycanın Fitch Ratings beynəlxalq reytinq agentliyinin "BBB-" səviyyəsində investisiya reytinqini mənimsəməsində neft gəlirlərindən effektiv istifadə mühüm rol oynayıb. Bu barədə Azərbaycanın maliyyə naziri Samir Şərifov bəyan edib.
"Azərbaycan iqtisadiyyatına neft sektorundan böyük həcmdə gəlirlər daxil olur və əlbəttə, bu vəsaitlərdən düzgün uzunmüddətli səmərəli istifadə bu reytinq qiymətləndirməsində öz əksini tapıb. Ötən il böhran ili idi və dünya böhranı hələ də davam edir və müəyyən nəticələrə malikdir. Lakin buna baxmayaraq, Azərbaycanın reytinqi artırılıb ki, bu da müsbət göstəricidir, böhran kimi sınaq zamanı həyata keçirilən tədbirlərin qiymətləndirilməsidir",- Şərifov deyib.
Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin fikrincə, belə reytinqin alınması ölkədə aparılan uğurlu iqtisadi siyasətin, eləcə də büdcə siyasətinin, xərclərə qənaət və onların strukturuna yenidən baxış siyasətinin məntiqi nəticəsidir.
"Bütün bunlar sübut etdi ki, Azərbaycan dünya maliyyə böhranı zamanı çox düşünülmüş siyasət yürüdüb. Maliyyə böhranı şəraitində bir sıra inkişaf etmiş ölkələrdə baş verən hadisələr fonunda Azərbaycanın yüksək reytinq alması göstərir ki, Azərbaycan borc götürən ölkədən borc verən ölkəyə çevrilib",- Səmədazadə deyib.
"Yeni Azərbaycan Partiyası"ndan deputat Mübariz Qurbanlının sözlərinə görə, Azərbaycanın investisiya reytinqini alması ölkənin investgisiyalar üçün cəlbedici edir ki, bu da ölkəyə yeni texnologiyaların cəlb edilməsi, qeyri-neft sektorunun sürətli inkişafı, yeni iş yerlərini açılması, yeni infrastrukturun yaradılması baxımından çox böyük əhəmiyyətə malikdir.
"Bu gün Azərbaycaın ərazilərini 20 faizi işğal altındadır, biz müharibə şəraitindəyik və bütün dünya bizim iqtisadi inkişafımızı izləyir, bu bir növ iqtisadi yarışmadır. Nəticə etibarilə Azərbaycanın belə yüksək reytinq almasıvə onun dünyanın inkişaf etmiş ölkələr siyahısına daxil olması onun üstünlüyüdür", - Qurbanlı deyib.
"Şübhəsiz, beynəlxalq reytinq agentliyinin reytinqinin verilməsi zamanı ölkədəki həm daxili siyasi vəziyyət, həm də xarici qarşılıqlı münasibətlər nəzərə alınır, və əgər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olmasaydı, Azərbaycanın reytinqi daha da yüksək ola bilərdi",- maliyyə naziri qeyd edib.
Cümə axşamı Fitch Ratings beynəlxalq reytginq agentliyi Azərbaycanın xarici və milli valyutada defolt emitetinin uzunmüddətli reytinqini "BB+"dən "BBB-"-dək artırıb. Hər iki reytinq üzrə proqnoz - "Sabitdir".