Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir N.İsmayılova/
Azərbaycanda yeganə qızıl istehsalçısı olan "Anglo Asian Mining plc" şirkəti cari ilin aprel ayında Gədəbəy qızıl mədənində 5 298 unsiya qızıl istehsal edib. Mart ayında bu rəqəm 6 167 unsiya təşkil edib. Bu barədə şirkətin məlumatında deyilir.
"Bunun nəticəsində 2009-cu ilin iyulundan başlanan istehsalın ümumi həcmi 30 323 unsiyaya çatıb ki, bu da istehsalın həcmini 25 min unsiya üstələyir. Şirkət bu nəticəni 2010-cu ili iyunun 30-da əldə etmək niyyətində idi", - şirkətin məlumatında göstərilir.
Məlumata görə, cari ilin dekabr ayının 31-nə şirkətin qızıl hasilatı üzrə proqnozu 53 500 unsiya təşkil edir. Şirkət rəhbərliyi istehsalın artım tendensiyasını qoruyub saxlayacağına ümid edir.
"Anglo Asian Mining plc" şirkəti 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycanın cənub-qərbindəki altı yataqda - Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vejnəli və Söyüdlüdə işləmək hüququna malikdir.
Azərbaycan hökuməti ilə Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti arasında 30 il müddətinə imzalanan hasilatın pay bölgüsü haqqında müqavilədə Azərbaycanın pay hissəsi 51 faiz, Britaniyanın "Anglo-Asian Mining plc" şirkətinin pay hissəsi isə 49 faizdir.
Müqaviləyə əsasən, yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasilatı planlaşdırılır.
İlk qızıl və gümüş 2009-cu ilin mayında Gədəbəy yatağından hasil edilib. Ümumilikdə, 2015-ci ilədək Gədəbəy yatağından 300 min unsiya qızılın hasil edilməsi planlaşdırılır.