Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir A.Axundov/
"Ernst&Young" şirkətinin Bakı ofisi və Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ADİU-nun Xüsusi İstedadlar Qrupu üçün aralıq səviyyə üzrə mühasibat uçotu kursunun 5-ci ilinə başlayıb. Bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.
Bu proqram 2006-cı ildə Amerika Ticarət Palatasının dəstəyi ilə başlanmışdır və texniki baxımdan mürəkkəb mühasibat uçotu konsepsiyaları ilə maraqlanan tələbələr üçün unikal imkanlar yaradır.
"Ernst&Young" şirkətinin kurs təlimçisi Nigar Əliyeva təlimdən çox təsirləndiyini bildirib: "Bu il mənim ADİU-da təlimçi olaraq ikinci ilimdir və proqram üzrə keçən il əldə olunmuş nəticələrdən olduqca razıyam. Keçənilki məzunların bir çoxu "böyük dördlük"ə daxil olan şirkətlərdə, eləcə də digər aparıcı Azərbaycan və beynəlxalq sənaye şirkətlərində işə qəbul olunmuşlar. Tələbələr çox etiqadlı, dərrakəli və əlbəttə, istedadlıdırlar!".
"Ernst&Young" şirkətinin proqram üzrə məsuliyyətli partnyoru Turqay Teymurov əlavə edərək bildirib: "Bu proqram dövlətimizin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçid proqramı nöqteyi-nəzərindən, ölkəmizdə yüksək tələbat olan mühasibat uçotu üzrə dərin biliklərin əldə edilməsində istedadlı tələbələrə nadir imkanlar təqdim edir".
Bakı ofisinin idarəedici partnyoru İlqar Vəliyev bu proqramı, Azərbaycan Auditorlar Palatası ilə sıx əməkdaşlıq etməklə, beynəlxalq audit standartlarının tətbiqini dəstəkləyən "Ernst&Young" şirkəti tərəfindən öz sosial öhdəliklərinin tanıması kimi qiymətləndirir.
Azərbaycan Dövlət İqtisad Universitet haqqında
Azərbaycan Dövlət İqtisad Universiteti ölkədə biznes və iqtisadi təhsil sahəsində liderdir. Universitet həm ölkə daxilindən, həm də xaricdən olan istedadlı tələbələri cəlb edir. Universitet Azərbaycan, rus və ingilis dillərində təhsil imkanları təklif edir. Universitetin rəhbərliyi gənc mühasiblər nəslinin müasir qlobal mühasibat uçotu standartlarına yiyələnməsini dəstəkləyir və Ernst & Young və Amerika Ticarət palatası ilə daha sıx əməkdaşlığı təqdir edir.
Ernst & Young haqqında
Peşəkar xidmətlərin göstərilməsində qlobal lider olan Ernst & Young şirkəti maliyyə hesabatlarının keyfiyyətinin təkmilləşdirilməsində öz səylərini əsirgəmir. 140 ölkədə 144,000 işçi audit, mühasibat uçotu, vergi məsələləri və iqtisadi əməliyyatlar sahələrində təməl biliklərimizə əsaslanaraq, mürəkkəb xidmətlərin göstərilməsində ən yüksək səviyyədə düzgünlük, keyfiyyət və peşəkarlığa sadiq qalırlar. Ernst & Young bütün MDB-də on altı ofisdə çalışan 3,500 əməkdaşı vasitəsilə xidmətlər təklif edir.
Daha ətraflı məlumatla http://www.ey.com/cis ünvanında tanış ola bilərsiniz.