...

Azərbaycan bankı "DəmirBank" və USAID kredit portfelinin təminatı üzrə razılaşma imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2010 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Azərbaycan bankları "DəmirBank""AccessBank" mikro, kiçik və orta sahibkarlıq müəssisələrinə, xüsusilə də kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələrə kreditlərin verilməsi məqsədi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə 3,3 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması üçün 5 il müddətinə üçtərəfli razılaşma imzalayıblar. Bu barədə "DəmirBank"ın cümə axşamı yayılan məlumatında deyilir.

"Razılaşma Azərbaycanın qeyri-neft sektorunun inkişafının stimullaşdırılmasına yönəlib və həmin sahədə fəaliyyət göstərən sahibkarlar üçün kreditə çıxışı və kreditin əldə edilməsi prosedurunu sadələşdirir", - məlumatda deyilir.

"Biz USAID olaraq, iqtisadi inkişaf üçün həlledici məna kəsb edən əsas sahələrdə özəl sektora aid kreditləşməni sövq etməkdən qürur duyuruq", - USAID-in Qafqaz üzrə regional missiyasının direktoru Conatan Konli deyib. "Kreditin əldəolunma imkanlarının artırılması fərdlərə öz həyatlarını yaxşılaşdırmağa imkan verir və bölgələrdə iqtisadı inkişafa, xüsusilə də kənd təsərrüfatında daha yüksək artıma nail olunmasını mümkün edir", - Konli bildirib və əlavə edib ki, qeyri-neft sektorlarının inkişafı Azərbaycanın gələcək inkişafı üçün önəmlidir.

"DəmirBank" ölkədə geniş filial şəbəkəsinə malikdir və bu, aqrar sektorun kreditləşməsi sahəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə əməkdaşlığımız üçün yaxşı imkanlar yaradır. Proqramın həyata keçirilməsi regionlarda sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması və yerli əhalinin rifahının daha da yaxşılaşması üçün çox vacibdir. Proqramın sosial baxımdan da uğurlu olacağına və ölkəmizdə aqrar sənayenin inkişafına töhfə verəcəyinə inanırıq", - "DəmirBank"ın İdarə Heyətinin sədri Roman Əmircanov qeyd edib.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı "Azərdəmiryolbank") 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti