...

Azərbaycan bankı "AccessBank" və USAID əməkdaşlıq haqqında müqavilə imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2010 20:50 (UTC +04:00)
Azərbaycan bankı "AccessBank" və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) kənd təsərrüfatı sahəsində mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə dair müqavilə imzalayıblar.
Azərbaycan bankı "AccessBank" və USAID əməkdaşlıq haqqında müqavilə imzalayıblar

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Azərbaycan bankı "AccessBank" və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) kənd təsərrüfatı sahəsində mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə dair müqavilə imzalayıblar. Bu barədə bankın cümə günü yayılan məlumatında deyilir.

Bu proqramda "DəmirBank" da iştirak edir. Ümumi məbləği 3,3 milyon ABŞ dolları təşkil edən bu proqram 5 il müddətinə hesablanıb və bu da həmin sahənin kreditləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

"Biz USAID olaraq, iqtisadi inkişaf üçün həlledici məna kəsb edən əsas sahələrdə özəl sektora aid kreditləşməni sövq etməkdən qürur duyuruq. Ölkənin qeyri-neft sektorlarının inkişafı USAID-in Azərbaycanda iqtisadi inkişaf strategiyasının önəmli vəzifəsidir", - USAID-in Qafqaz üzrə regional missiyasının direktoru Conatan Konli bildirib.

"AccessBank" artıq Azərbaycanda kiçik və orta biznesi maliyyələşdirən aparıcı bankdır və 90 mindən artıq sahibkarı maliyyələşdirir. Bundan əlavə, "AccessBank" 30 mindən artıq müştəriyə aqrokreditlər verən aparıcı kənd təsərrüfatı kreditorudur. Bu yeni müqavilə "AccessBank"a kənd təsərrüfatı sahəsində, xüsusən də Azərbaycanın regionlarında kreditlərin verilməsini daha da genişləndirməyə yardım edəcək", - əməkdaşlıq müqaviləsinin imzalanmasını şərh edən bankın baş meneceri Endryu Pospilovski deyib.

"АccessBank"ın missiyası aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. "АccessBank" beynəlxalq "Fitch" reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+), həmçinin, "Euromoney" Nəşriyyat Qrupu tərəfindən "2010-cu ildə Azərbaycanın ən yaxşı bankı" kimi tanınıb. "AccessBank" 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hər biri 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən "Access Holding" (16,5%) və Almaniyanın LFS Financial Systems GmbH (3,5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti