Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Ü.İsmayılova/
Yeni Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi Azərbaycanın həyatında yalnız 2010-cu ildə deyil, eləcə də son 20 il ərzində mühüm hadisədir. Bu barədə çərşənbə günü parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.
"Ölkədə cərəyan edən neft, eləcə də tikinti sahəsində canlanma paytaxta xarici şirkətlərin böük axınına səbəb olur və bunun fonunda su təchizatında yaranan fasilələr yolverilməzdir", - deputat çərşənbə günü bildirib.
Oğuz-Qəbələ-Bakı su kəməri çərşənbə axşamı istismara verilib. Azərbaycanda ən iri infrastruktur layihələrindən biri olan su kəmərinin istismara verilməsi mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
"Şəhərin daimi su təchizatı əhalinin həyatı və fəaliyyət göstərən müəssisələr üçün mühüm əhəmiyyət kəsb edən Bakı infrastrukturunun təkmilləşdirilməsi prosesində vacib amillərdən biridir", - Məsimli qeyd edib.
Yeni su kəmərinin vacib təsiri yeni iş yerlərinin yaradılmasıdır, bu, su kəmərinin fasiləsiz işi üçün yeni qurğuların işlək vəziyyətdə saxlanılması hesabına baş verəcək. Deputat belə hesab edir.
Bakı şəhəri su ilə dörd mənbədən təmin olunur. Ümumilikdə hazırda paytaxta saniyədə 10,2 kubmetr su verilir. Su şəbəkəsindən uzunmüddətli istifadə, mövcud şəbəkənin inkişaf etməkdə olan şəhərin sürətlə artan əhalisinin tələbatını ödəməməsi, binaların zirzəmilərindəki su xətlərinin istismar müddətinin başa çatması və digər səbəblərdən şəhərin su təchizatında problemlər yaranmışdı. Bu səbəbdən şəhər əhalisinin yalnız 40 faizə yaxını fasiləsiz, 60 faizi isə qrafiklə içməli su ilə təmin olunurdu.
Oğuz-Qəbələ-Bakı su kəməri ilə paytaxta verilən suyun qəbulu və paylanması üçün Bakıya 250 kilomert uzunluğunda su kəməri çəkilib, 15 nasos stansiyası, 70 min kubmetrlik su anbarı tikilib, ümumi həcmi 100 min kubmetr olan mövcud su anbarı yenidən qurulub, 310 kilometrdən artıq kanalizasiya xətti çəkilib.
Texniki tələblərə uyğun olaraq, su kəməri fevralda tam layihə gücü ilə fəaliyyətə başlayacaq və ümumilikdə Bakıya saniyədə 15,2 kubmetr su veriləcək. Son illər görülən yenidənqurma işləri nəticəsində şəhər əhalisinin bir hissəsinin fasiləsiz su ilə təchiz olunması 40 faizdən 75 faizədək artırılacaq. Eyni zamanda, əhalinin suyu qrafiklə alan hissəsi 60 fazidən 25 faizədək azalacaq, qrafiklərdəki vaxt isə 2 dəfədən çox artırılacaq.