...

Azərbaycanda ipoteka kreditlərinin alınması prosesi sadələşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2011 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda ipoteka kreditlərinin alınması prosesi xeyli sadələşdiriləcək. Bu barədə çərşənbə günü Azərbaycan Banklar Assosiasiyasının rəhbəri (ABA) Eldar İsmayılov deyib.

"İndi sənəd hazırlığının sürətləndirilməsi üzrə iş aparılır, bütün bürokratik proseslər sadələşdiriləcək. Əvvəllər məhkəmə prosesləri qeyri-müəyyən müddətə qədər yubanırdısa, indi bu prosedurlar altı ay ərzində həyata keçiriləcək", - İsmayılov qeyd edib.

Onun sözlərinə görə, Mərkəzi Bank artıq bu prosesin sadələşdirilməsi üzrə təkliflər hazırlayıb və tezliklə ölkə hökumətinə təqdim edəcək.

"Mərkəzi Bankın hazırladığı "Elektron ipoteka" layihəsi də mənzil alışı üçün kreditin alınması prosesini sürətləndirəcək və sadələşdirəcək", - o bildirib.

Fevralda Azərbaycan Mərkəzi Bankı (AMB) aktual problemləri həll etmək məqsədilə Azərbaycan Banklar Assosiasiyası, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, bank sektoru və biznes cəmiyyətləri ilə iclas keçirib. Banklar qarşısında qoyulan vacib vəzifələrdən biri nağd olmayan ödənişlərdən istifadənin genişləndirilməsidir. Araşdırmalar göstərir ki, ipoteka kreditlərinə yüksək tələbat var və bu mexanizm genişləndirilməlidir. Bunun üçün daxili bazarın maliyyə imkanlarından istifadə olunmalıdır. Kreditlər verilən zaman vətəndaşların müraciətlərinə vaxtında baxılmalıdır, bürokratik əngəllər aradan qaldırılmalı, xərclər isə minimallaşdırılmalıdır.

Beynəlxalq Maliyyə Korporasiyasının (Dünya Bankı qrupuna daxildir) dəyərləndirmələrinə görə, Azərbaycanın ipoteka bazarının potensial həcmi 6,4 milyard dollar qiymətləndirilir.

Hazırda Azərbaycanın bank sektorunun ipoteka portfelinin ümumi həcmi 300 milyon manatı ötür. Bunun 50 milyon manatı bankların şəxsi vəsaitləri hesabına verdikləri ipotekalardır.

Ötən il də ipoteka bazarında yüksək fəallıq müşahidə edilib. Orta hesabla 500 ailəyə 14 milyon manat məbləğində güzəştli kredit verilib. İndiyədək Mərkəzi Bank nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun xətti ilə 6300-dən çox ailəyə 250 milyon manat verilib.

Xəbər lenti

Xəbər lenti