...

Azərbaycanda şin istehsalçısının səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2011 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi "Azərşin" ASC-nin səhmlərinin 96,98 faizinin satışına dair investisiya müsabiqəsi elan edib. Bu barədə şənbə günü dövlət komitəsindən bildiriblər.

Müsabiqəyə çıxarılan qiymətli kağızların 85 faizi investisiya müsabiqəsinin standart paketinin, 11,98 faizi isə əmək kollektivi üzvlərinə səhmlərin güzəştli satışından qalanın payına düşür.

Müsabiqədə Azərbaycanın bütün fiziki və hüquqi şəxsləri və xarici investorlar iştirak edə bilərlər.

İddiaçılar həyata keçiriləcək istehsal profili barədə, yeni texnologiyaların tətbiqinə dair təkliflər, məhsulun çeşidinə dair təkliflər, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılmasına dair təkliflər təqdim etməlidirlər.

Müsabiqədə iştirak etmək istəyənlər dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair investisiya həcminin ümumi məbləğinin müəyyən hissəsinin (5%-ə qədərinin) pul vəsaiti şəklində zəmanəti və dövlət büdcəsinə 800 min manatın ödənilməsi haqqında təklifi təqdim etməlidirlər.

"Azərşin" rezin təkərlərin hazırlanması ilə məşğul olur və Bakının Nərimanov rayonu, Araz 8 ünvanında yerləşir.

ASC-nin nizamnamə kapitalı 1,79 milyon manat təşkil edir. Bu məbləğə hər birinin nominal dəyərəi 2 manat olan 894 628 səhm buraxılıb. Müsabiqənin predmeti nominal dəyəri 1,73 milyon manat olan 867 309 səhmdir.

2011-ci il fevralın 1-nə oaln vəziyyətə görə, müəssisənin 5,67 milyon manat məbləğində borcu var. Bura əməkhaqqı üzrə 70,5 min manat, xammal, xidmətlər və işlər üzrə 5,6 milyon manatlıq borclar daxildir. Müəssisənin debitor borcları 2,45 milyon manat təşkil edir.

Müəssisə 1959-cu ildən fəaliyyət göstərir. Onun işçilərinin sayı 530 nəfər təşkil edir.

İddiaçılar Səhmdar Cəmiyyətin özəlləşdirmə planı (emissiya prospekti) ilə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 07 yanvar 2009-cu il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Y.Səfərov küçəsi, 20, Əmlak Məsələləri Dövlət Komitəsi, otaq 810, tel.: 490 24 08 (əlavə 242).

Müsabiqə komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında 09 yanvar 2009-cu il saat 10:30-dan başlayaraq həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti