...

Azərbaycanda inflyasiyanın 60 faizi idxal hesabına təmin edilib - deputat

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2011 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın istehlak bazarında qiymətlərin qalxmasına əsas səbəb dünya bazarlarında neftin qiymətinin artmasıdır. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

"Neftin bahalaşması istehlak bazarında qiymət artımına səbəb olan ən vacib faktordur", - Əhmədov bildirib.

Onun sözlərinə görə, daxili bazarın xüsusiyyətləri qiymətləndirilən zaman o faktı nəzərə almaq lazımdır ki, ölkə çoxlu sayda ərzaq məhsulları idxal edir və ölkədə inflyasiyanın 60 faizi idxal hesabına təmin edilib.

Əhmədovun sözlərinə görə, qiymət artımının səbəblərindən daha biri subyektiv faktlar - bəzi sahibkarlar tərəfindən qiymətlərin süni şəkildə qaldırılmasıdır.

"Düşünürəm ki, aidiyyəti qurumlar qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaq üçün ciddi tədbirlər görməlidir", - Əhmədov qeyd edib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin yanvar ayında istehlak mallarının və xidmətlərin qiymət və tarifləri 2010-cu ilin dekabrı ilə müqayisədə 0,8 faiz, 2010-cu ilin yanvar ayı ilə müqayisədə isə 8,3 faiz artıb. Yanvarda ərzaq mallarının qiymətləri 1,5 faiz artıb, qeyri-ərzaq mallarının qiyməti əvvəlki səviyyədə qalıb, lakin xidmətlərin tarifləri 0,4 faiz azalıb. 2010-cu ilin yanvar ayına nisbətdə ərzaq mallarının qiymətləri 13,7 faiz, qeyri-ərzaq malları 2,8 faiz artıb, xidmətlər sahəsindəki tariflər isə 0,5 faiz azalıb.

Xəbər lenti

Xəbər lenti