...

Azərbaycan Mərkəzi Bankı bank sistemi üçün yeni hesablar planının hazırlanmasına dair icraçı təşkilat cəlb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2011 17:05 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı "Azərbaycan Respublikasının bank sistemi üçün yeni hesablar planı və onun tətbiqinə dair göstərişlər"in hazırlanması üçün icraçı təşkilatın seçilməsi ilə bağlı tender elan edib.
Azərbaycan Mərkəzi Bankı bank sistemi üçün yeni hesablar planının hazırlanmasına dair icraçı təşkilat cəlb edir

Azərbaycan, Bakı, 10 mart /Trend/

Azərbaycan Mərkəzi Bankı "Azərbaycan Respublikasının bank sistemi üçün yeni hesablar planı və onun tətbiqinə dair göstərişlər"in hazırlanması üçün icraçı təşkilatın seçilməsi ilə bağlı tender elan edib. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın rəsmi saytında dərc edilən məlumatda deyilir.

Tender proseduru 29 aprel 2011-ci il saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcək.

İddiaçı aşağıdakı tələblərə cavab verməlidir:

- ən azı 5 il ərzində fəaliyyət göstərən, hüquqi və maddi cəhətdən müstəqil olan etibarlı konsaltinq və ya audit şirkəti olmalıdır;

- maliyyə sektorunda MHBS-nin tətbiqi və ya auditi üzrə təsdiq oluna bilən geniş təcrübəyə və bacarıqlara malik olmalıdır;

- mərkəzi bankların və ya kredit təşkilatlarının/maliyyə institutlarının MHBS-yə uyğun hesablar planı, mühasibat uçotu qaydaları və/və ya MHBS əsasında hesabatlılıq prosesinin hazırlanması/təkmilləşdirilməsi və tətbiqi üzrə geniş təcrübəyə malik olmalıdır;

- Azərbaycan bank sektoru və mühasibat uçotu üzrə hərtərəfli məlumatlara, habelə MHBS-yə uyğun maliyyə hesabatlarının hazırlanması proseslərinə dair dərin praktiki biliklərə və müvafiq təcrübəyə malik olmalıdır.

Yuxarıda qeyd olunan təcrübəyə malik olmayan iştirakçılar tenderdə iştirak edə bilməz.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- iki nüsxədə (əsli və surəti) Azərbaycan dilində tender təklifi;

- təklif 14 iyun 2011-ci ilədək qüvvədə olmalıdır;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, audit aparmaq hüququ verən xüsusi razılıq (lisenziya) və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;

- iddiaçı hüquqi şəxs olmadıqda baş idarənin onun tenderdə iştirakına rəsmi razılığı və tender təkliflərinin verilməsinə səlahiyyətli nümayəndəsinin müəyyən edilməsi barədə sənəd;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması (xarici iddiaçılar bu barədə məlumatı özləri rəsmi şəkildə təqdim etməlidir) haqqında vergi orqanının arayışı;

- tender təklifinin qiymətinin 1 (bir) faiz məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);

- tenderin əsas şərtlər toplusunda iddiaçıya dair tələblərə uyğunluğu barədə məlumatlar.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən geci 28 aprel 2011-ci il saat 15:00-dək möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 19 aprel 2011-ci il saat 15:00-dək möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaq.

İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 200 (iki yüz) manat məbləğində vəsait köçürməlidir: Azərbaycan Respublikasının Mərkəzi Bankı, kod 501004, müxbir hesab №-si 0148010001944, SWİFT kodu NABZAZ2C, VÖEN 9900071001, hesablaşma hesab №-si 0170690001944.

Layihənin aparılma yeri: Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binası.

Layihənin başlanma vaxtı: tender üzrə satınalma müqaviləsi imzalandığı gündən 5 (beş) bank günündən gec olmayaraq.

İşlərin görülməsi müddəti: ən geci bir il müddətində.

Qiymətləndirmə meyarları: maliyyə amili və şirkətin və layihə üzvlərinin təcrübəsi.

Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri, R.Behbudov küçəsi 32 ünvanda yerləşən inzibati binasından tenderin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə edə bilər.

Tender üzrə əlaqələndirici şəxs: Əkbərova İlahə (Maliyyə idarəetməsi departamentinin əməkdaşı); Telefon: (+99412) 493-11-22 (4-89).

Xəbər lenti

Xəbər lenti