...

DB bundan sonra da Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2011 14:58 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankının (DB) Azərbaycan üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15 mart 2011-ci il tarixində Dünya Bankının Vaşinqtondakı baş ofisində Azərbaycan günlərinin açılış mərasimi keçirilib.
DB bundan sonra da Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir (FOTO)

Azərbaycan, Bakı, 16 mart/Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankının (DB) Azərbaycan üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15 mart 2011-ci il tarixində Dünya Bankının Vaşinqtondakı baş ofisində Azərbaycan günlərinin açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Açılış mərasimində çıxış edən Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar direktoru Teodor Ahlers bildirib ki, Azərbaycan son illərdə çox sürətli inkişaf yolu keçərək orta gəlirli dövlətlər qrupuna daxil olub. İndi isə Azərbaycan qarşısında yeni perspektivlər və çağırışlar durur.

"Biz bu çağırışların düzgün həllində Azərbaycanın yanında olmağa hazırıq və son 18 ildə olduğu kimi, bundan sonra da əməkdaşlığımızı artan xətt üzrə inkişaf etdirmək istəyirik. Azərbaycan təbii ehtiyatlarından əldə edilən gəlirlərin düzgün idarəedilməsi üzrə digər ölkələrə nümunə olacaq təcrübəyə malikdir və bu təcrübənin bölüşdürülməsi önəmlidir", - o, bildirib.

Ahlersin sözlərinə görə, Dünya Bankı ilə Azərbaycan arasındakı münasibətlərin inkişafında Azərbaycan günlərinin böyük rolu var və DB əməkdaşlarının Azərbaycanın zəngin mədəniyyət irsi ilə tanışlığı ilə yanaşı, keçirilən çoxsaylı ikitərəfli görüşlər əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına kömək edir.

Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov Dünya Bankının Vaşinqton ofisində Azərbaycan günlərinin keçirilməsindən böyük şərəf və qürur hissi duyduğunu bildirərək qeyd edib ki, bu tədbir DB ilə Azərbaycan arasında mövcud olan məhsuldar əməkdaşlıq tarixində əlamətdar hadisədir.

"Hesab edirəm ki, tədbirin zəngin proqramı dostlarımız və qonaqlarımızla intellektual dialoq aparmağa, həmçinin Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmağa imkan yaradacaq", - Rüstəmov bildirib.

Onun sözlərinə görə, məhz iqtisadi transformasiyanın ilk illərində Dünya Bankının fəal dəstəyi keçid iqtisadiyyatına malik ölkələrdə bazar iqtisadiyyatının formalaşdırılması və inkişafı, habelə bazar mentalitetinin dərinləşməsinə kömək edib. 1992-ci ildən bəri DB ilə əməkdaşlıq nəticəsində Azərbaycan bütün istiqamətlərdə strateji dəstək alıb.

Rüstəmov onu da vurğulayıb ki, istehsalat infrastrukturunun modernləşdirilməsi, kiçik və orta biznes, yoxsulluğun azaldılması proqramı çərçivəsində Dünya Bankı ilə ölkəmiz arasında əməkdaşlıq uğurla davam edir.

"Qlobal iqtisadi böhran dünya qarşısında yeni çağırışlar qoyub və məhz bu səbəbdən dayanıqlı inkişafın və qloballaşma məsələlərinin idealogiya və yanaşmaları artıq dəyişir. Dünya iqtisadi sisteminin stabil gələcəyi üçün fəal polemika və intellektual axtarışlar aparılır", - o vurğulayıb.

Azərbaycan günləri çərçivəsində Dünya Bankının binasında Azərbaycan mədəniyyətini təqdim etmək məqsədilə Azərbaycan iqtisadiyyatı, Dünya Bankı ilə əməkdaşlıqla bağlı xüsusi stendlər qurulub, xalçaçılıq və ipəkçilik sərgisi, fotoqalereya təşkil olunub, canlı xalça istehsalı və milli geyimlər nümayiş etdirilir.

Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və əməkdaşlıq çərçivəsində indiyədək Azərbaycanda müxtəlif istiqamətlərdə həyata keçirilən 43 layihə üçün ümumilikdə 2,9 milyard dollar məbləğində vəsait ayrılmışdır. Azərbaycan Türkiyə və Qazaxıstandan sonra Avropa və Mərkəzi Asiya regionunda ən iri kredit portfelinə malik üçüncü ölkədir.

Xəbər lenti

Xəbər lenti