Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir N.İsmayılova/
Niderland şirkətləri Azərbaycanda kənd təsərrüfatı sektorunun imkanları ilə tanış olacaqlar və "17-ci Azərbaycan Qida Sənayesi Sərgisi"ndə (23-26 may) iştirak edəcəklər. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin cümə axşamı yaydığı məlumatda deyilir.
Məlumata əsasən, ticarət missiyasının Bakıya səfəri Niderland Krallığının Ticarətin Təşviqi üzrə Şurasının və Haaqa Ticarət Palatasının "Friesian" təşkilatının təşkilatçılığı ilə baş tutacaq.
Ticarət missiyasının Azərbaycana səfərinin təşkili, həmçinin Niderland şirkətlərinin Azərbaycanın kənd təsərrüfatı sektoru barədə ilkin məlumatlandırılması üçün martın 17-də Haaqa şəhərində "Azərbaycanın kənd təsərrüfatı sektorunda imkanlar" mövzusunda seminar keçiriləcək.
Tədbirdə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Rüfət Məmmədov ölkəmizin kənd təsərrüfatı sahəsindəki imkanları barədə təqdimatlarla çıxış edəcəklər.