Azərbaycan, Bakı, 15 aprel /Trend/
Bu il martın 30-da "Parabank" ASC Kiyev şəhərində "GUAM ölkələrinin ən yaxşı bankı - 2010" müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimində iştirak edib. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.
Müsabiqənin qaliblərinin təltif olunmasının təntənəli mərasimi Kiyevdə GUAM Katibliyində keçirilib. "Parabank" 11 nominasiya arasında "Ən texnoloji bank" nominasiyasına layiq görülüb. Tədbirdə "Parabank"ın Biznesin İnkişafı və Marketinq Departamentinin direktoru F.Dadaşov və Beynəlxalq əlaqələr şöbəsinin meneceri T.Qasımov iştrak etmişdilər. Mükafatı Moldovanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri İon Stefile təqdim edib.
Müsabiqədə GUAM ölkələrinin 173 bankı iştirak edib. Təşkil edilən mərasimdə "Parabank"la birgə Azərbaycandan daha 3 bank iştirak edib. Mərasimdə Mərkəzi Bankın, Banklar Assosiasiyası və GUAM ölkələrinin bank nümayəndəliklərinin iştirakı da qeydə alınıb.
Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası və Ukrayna tərəfindən təsis edilmiş beynəlxalq regional təşkilatdır. İlk öncə GUAM Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası və Ukrayna Prezidentlərinin 10 oktyabr 2007-ci ildə Strasburqda Birgə Kommünike imzalamaqla bu dörd dövlətlərin birliyi kimi fəaliyyətə başlayıb. GUAM-ın baş katibi - Valeri Çeçelaşvilinin sözlərinə görə, bu mərasim təntənəli bir hadisə oldu, çünki beynəlxanq bank əməkdaşlığı çox yüksək qiymətləndirilir. "Bizim məqsədimiz sahibkarlara iqtisadi bazarda işin təşkilində hər cür şəraitin yaradılmasıdır", - o deyib.
"Parabank" ASC-nin nümayəndələri həmçinin Kiyev şəhərində martın 28-də "Bankir" jurnalı və "KBS-İzdat" nəşriyyatı tərəfindən təşkil olunan "MDB, Baltikayanı ölkələr və Gürcüstan - ilin bankı 2010" Beynəlxalq müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimində iştirak edib. Bu müsabiqə "Bankir" jurnalı və "KBS-İzdat" nəşriyyatı tərəfindən MDB, Baltikyanı ölkələr və Gürcüstandan olan 1220 bank arasında 10 nominasiya üzrə keçirilib və "Parabank" "Dinamik İnkişaf edən bank" nominasiyasına layiq görülüb. Mərasim Kiyevin "Primyer-Palas" hotelinin "Sofi's Grand Hall" konfrans zalında keçirilib. Mükafatı Ukraynadakı Azərbaycan səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri İrfan Davudov təqdim edib.
Müsabiqənin məqsədi MDB, Baltikyanı ölkələr, Gürcüstan ərazisində müxtəlif sahələr üzrə fəaliyyət göstərən bank təşkilatlarının ən yaxşısının müəyyənləşdirilməsi; beynəlxalq təcrübə prinsiplərinə uyğun olaraq, qeyd olunan ölkələrin ən yaxşı bankların nailiyyətləri haqqında məlumatların ictimaiyyətə çatdırılmasıdır.
"Bu cür mükafatların təltifi birinci növbədə "Parabank"ın peşəkar komandasının məhsuldar işinin göstəricisir. Məhz vaxtında qəbul edilən qərarların rahatlığı və dəqiqliyi bizə dünya iqtisadiyyatının bərpası dövründə dinamik inkişaf templərini qorumağa imkan yaradıb. Kəskin rəqabət şəraitində bizim keçirdiyimiz siyasətin əsas aspekti bank xidmətləri sahəsində yeni texnologiyaların araşdırılması və həyata keçirilməsidir. Bizim bu sahədə olan nailiyyətlərimizin beynəlxalq təşkilatlar tərəfindən qeyd olunması sevindirici faktdır", - bankın Biznesin İnkişafı və Marketinq Departamentinin direktoru Dadaşov bu cür mükafatın əldə olunmasını alqışlayaraq deyib.