Azərbaycan, Bakı, 16 may /Trend/
2011-ci il iyunun 7-10-da "Bakı Ekspo" sərgi mərkəzində Xəzəryanı regionun neft və qaz sahəsində ən böyük tədbir olan "Caspian Oil and Gas" - 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgi və Konfransı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə "Iteca Caspian" şirkətinin məlumatında deyilir.
Dövlət strukturları tərəfindən xüsusi diqqət və dəstək göstərilən bu tədbir hər il dünyanın neft sektorunun mütəxəssislərini və əsas iştirakçılarını bir araya gətirir. Hər il sərginin təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etməsi onun yüksək statusunu daha da möhkəmləndirir. Bununla yanaşı, hər il sərginin ünvanına bir sıra dövlətlərin liderləri öz salamlama məktublarını yollayırlar. Ənənəvi olaraq, "Caspian Oil and Gas" (Xəzər Neft-Qaz) layihəsinə Azərbaycan Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən də dəstək verilir. Artıq altıncı ildir ki, sözügedən sərgi beynəlxalq səviyyəli "UFI" - Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən təsdiq edilir. "UFI tərəfindən təsdiq olunub" keyfiyyət nişanı sərgilərin bütün beynəlxalq standartlara cavab verdiyini sübut edən göstəricidir. Bu il sərgi "İlin Brendi №1-Azərbaycanda Sərgilər" nominasiyasında "Brand Award Azerbaijan 2010" mükafatı ilə təltif olunub.
"Caspian Oil and Gas 2011"-də dünyanın 28 ölkəsindən 300-dən çox şirkətin, o cümlədən neft və qaz sənayesi sektorlarını təmsil edən bütün bölmələrin istehsal və idarəetmə, neft və neft məhsullarının nəqli üzrə rəhbər işçilərinin, ekologiya işçilərinin, eləcə də elm xadimlərinin iştirakı gözlənilir. Sərgi sahəsinin 40 faizdən çox hissəsini əsas etibarı ilə Xəzər Neft və Qaz tədbirinin daimi iştirakçıları olan dünya şöhrətli şirkətlər tutacaq. Qarşıdan gələn sərgi sponsorların ARDNŞ, Baku White City, BP Azerbaijan, Caspian Geophysical, Caspian Pipe Coatings, Conoco Phillips, Cross Caspian Oil and Gas Logistics, DEPA, Edison, Fluenta, GDF SUEZ, Inpex Corporation, McDermott Caspian, Nobel Oil, OMV, RWE, Statoil, Salans, TAP, Total E&P Azerbaijan və Volgaburmaş, JSC şirkətləridir. Beləliklə, artıq bu gün keçən il ilə müqayisədə sərginin 25% artımı qeyd olunur.
Sərginin ikinci günü, yəni iyun ayının 8-də "Hyatt Regency" mehmanxanasının konfrans zalında "Caspian Oil and Gas" konfransı öz işinə başlayacaq. Bu konfransda Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın bu məsələdə rolu, ölkənin investisiya baxımından cəlbedici olması, habelə Azərbaycanda kəşfiyyat və hasilatın əsas inkişaf istiqamətləri kimi mövzular müzakirə ediləcək.
Artıq uzun illər ərzində keçirilməsinə baxmayaraq, "Caspian Oil and Gas" sərgisi əvvəlki kimi bütün dünyanın "neft-qaz elitasının" diqqət mərkəzindədir. Respublika rəhbərliyi tərəfindən neft-qaz çıxartma və karbohidrogen ehtiyatlarının nəqli yollarının diversifikasiyası sahəsində həyata keçirilən uğurlu siyasət, habelə Azərbaycanın iri neft və qaz layihələrində potensial iştirakı Xəzər enerji resurslarına olan yüksək marağı, eləcə də regional və qlobal enerji təhlükəsizliyi kimi məsələlərdə Azərbaycanın artan rolunu bir daha vurğulayır. Bu baxımdan, sözügedən sərgi və konfransın köhnə tərəfdaş və investorların illik görüş yeri kimi, o cümlədən neft-qaz sənayesində mövcud olan yüksək texnoloji avadanlıqların geniş miqyasda nümayiş etdirildiyi, habelə Xəzəryanı ölkələrdə neft-qaz sənayesinin inkişaf yollarının daha geniş anlamda, eyni zamanda, ətraflı və peşəkar səviyyədə müzakirə edildiyi bir yer kimi daşıdığı əhəmiyyət daha da aktual xarakter alır.