Azərbaycan, Bakı, 24 may /Trend, müxbir N.İsmayılova/
Mərkəzi Bankın sədri Elman Rüstəmov və Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Aləm Bakıda ikinci iqtisadi forumun keçirilməsi məsələlərini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə AMB-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Görüşdə Dünya Bankı tərəfindən Azərbaycanda həyata keçirilən layihələr də müzakirə edilib.
Rüstəmovun sözlərinə görə, Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığı yüksək templərlə inkişaf edir. Aləm öz növbəsində Azərbaycan ilə əlaqələrin səviyyəsindən məmnunluğunu bildirərək, təmsil etdiyi təşkilatın ölkəmizin maliyyə-bank sektorunda fəaliyyətini də yüksək qiymətləndirib və bu sahədə dəstəyinə görə Mərkəzi Bankın sədrinə minnətdarlığını bildirib.
Görüşdə, həmçinin Dünya Bankı ilə Azərbaycan İpoteka Fondu arasında əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və əməkdaşlıq çərçivəsində indiyədək Azərbaycanda müxtəlif istiqamətlərdə həyata keçirilən 43 layihə üçün ümumilikdə 2,9 milyard dollar məbləğində vəsait ayrılıb. Azərbaycan Türkiyə və Qazaxıstandan sonra Avropa və Mərkəzi Asiya regionunda ən iri kredit portfelinə malik üçüncü ölkədir.