...

Azərbaycanda anomal isti ilə əlaqədar əmək qanunvericiliyinə əməl olunmasına nəzarət başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2011 15:36 (UTC +04:00)
Azərbaycanda anomal isti hava şəraitində əmək qanunvericiliyinə əməl olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzarəti altındadır.
Azərbaycanda anomal isti ilə əlaqədar əmək qanunvericiliyinə əməl olunmasına nəzarət başlanılıb

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycanda anomal isti hava şəraitində əmək qanunvericiliyinə əməl olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzarəti altındadır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirlikdən deyiblər.

"Qanunvericiliyə əsasən, havanın hərarəti 41 dərəcədən yuxarı olduqda açıq havada iş dayandırılmalı və ya fasilələrlə görülməlidir. Bu fasilələr iş vaxtı kimi nəzərə alınacaq və tarifə uyğun ödəniləcək. Ölkə regionlarında bu qaydalara əməl olunması ilə bağlı vəziyyətə nəzarət etmək məqsədilə Dövlət Əmək Müfəttişliyi regional müfəttişlərə müvafiq tapşırıqlar verib", - nazirlikdən bildiriblər.

Qanunvericilik pozulduqda işəgötürənlər 1000 manatdan 2000 manatadək cərimə olunacaqlar. Nazirlikdən bildirdiklərinə görə, belə faktlar hələ ki aşkarlanmayıb.

Çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə Azərbaycanda iyulun sonunadək davam edəcək anomal isti hava şəraiti ilə bağlı rəsmi xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildirilib ki, iyulun sonunadək ölkə ərazisində anomal isti hava şəraiti davam edəcək, temperaturun Bakıda və Abşeron yarımadasında 38-40, Aran rayonlarında və Naxçıvan MR-da 38-40, bəzi yerlərdə 42, dağlıq rayonlarda 31-36 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında iyulun 28-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27, gündüz 36-40 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə olacaq.

Azərbaycanın rayonlarında iyulun 28-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 17-22, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti