...

2011-ci ildə Azərbaycanın sığorta şirkəti "Atəşgah"ın KASKO üzrə ödənişləri 1,4 milyon manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2011 17:49 (UTC +04:00)
Azərbaycanın ən böyük sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ iyulda KASKO üzrə növbəti sığorta ödənişini həyata keçirib.

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Azərbaycanın ən böyük sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ iyulda KASKO üzrə növbəti sığorta ödənişini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

Məbləği 11 086 manat təşkil edən sığorta ödənişi Bakı-Quba magistral yolunun 58-ci km-də yüksək sürətlə hərəkət edərkən iribuynuzlu heyvanla toqquşma səbəbindən zədələnmiş "Hyundai Equus" markalı avtomobilin sahibinə verilib.

Bu cür risklərdən sığortalanmaq şəhər sakinlərinin məzuniyyət zamanı ölkəmizin müxtəlif guşələrinə istirahətə yollandığı yay mövsümündə xüsusən aktualdır.

2011-ci ilin birinci yarısı üçün "Atəşgah" SŞ-nin KASKO üzrə sığorta ödənişlərinin ümumi məbləği 1,4 milyon manat təşkil edib.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib, 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb. Şirkətin səhmdarları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, eləcə də kommersiya təşkilatları - ISR Holding və RAN-Eksimdir.

"Atəşgah Həyat" ASC SŞ "Atəşgah" ASC SŞ və "İntermed" Tibb Klinikası ilə birgə "Atəşgah" Sığorta Qrupuna daxildir.

2010-cu ilin nəticələrinə əsasən, "Atəşgah" SŞ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində şirkətin sığorta haqları 14,6 milyon manat, ödənişləri isə 5,3 milyon manat təşkil edib.

Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

İyulun 28-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti