Azərbaycanın bank sistemi üzrə proqnoz sabit qalıb. Bu barədə " Moody's Investors Service "in çərşənbə axşamı dərc edilən hesabatında deyilir.
"Moody's"in gözləntilərinə görə, banklar əlverişli əməliyyat mühitindən, aktivlərin sabit keyfiyyətindən, gəlirin artmasından və kapitalın səviyyəsindən faydalanacaqlar.
"Biz gözləyirik ki, əməliyyat mühiti banklar üçün 12-18 ay ərzində əlverişli qalacaq. Bu, onların artımına və gəlirliyinə xidmət edəcək və aktivlərin keyfiyyətinin artmasına səbəb olacaq", - "Moody's"in analitiki Lev Dorfun müəllifi olduğu hesabatda deyilir.
"Moody's"in proqnozlarına görə, diqqətini neft sektoruna yönəldən Azərbaycan iqtisadiyyatı 2011 və 2012-ci illərdə qətiyyətlə artım nümayiş etdirəcək. Buna neftin yüksək qiymətləri kömək edəcək.
"Bu, qeyri-neft sektorunu dəstəkləyən və yerli banklar üçün biznes imkanları yaradan dövlət xərclərinin artmasına kömək edəcək", - hesabatda deyilir.
"Moody's"in gözləntilərinə görə, əlverişli əməliyyat mühiti ilə dəstəklənən bank aktivlərinin keyfiyyəti 2010-cu ilin dördüncü rübü ərzində sabitləşdikdən sonra yaxşılaşacaq.
" Moody's "in proqnozlarına görə, problemli kreditlərin payı 2011-ci ilin sonuna 14 faiz azalacaq. [ 90 gündən çox problemli kreditlərin pik səviyyəsi 2010 -cu ilin üçüncü rübündə 17 faiz səviyyəsində müşahidə edilib ].
"Moody's"in gözləntilərinə görə, əksər bankların kapitallaşdırılması sabit qalacaq.
Qısamüddətli perspektivdə "Moody's" bütün bank sistemi miqyasında bankların səhmdarlarından kapitallaşdırma üçün vəsaitlərin cəlb edilməsini gözləmir. "Moody's"in qiymətləndirmələrinə görə, əksər Azərbaycan bankları inkişaf ssenarisinin baza variantında gözlənilən itkilərin ödənilməsi və davamlı artımı 10-12 faiz səviyyəsində saxlamaq üçün kifayət qədər kapitala malikdirlər. Bankların məcmu kapitalının yetərlik göstəricisi (CAR) 2010-cu ilin sonuna 16 faiz təşkil edib.
Hazırda Azərbaycanda 44 bank fəaliyyət göstərir.