...

"MilliKart" prosessinq mərkəzinin Direktorlar Şurasının yeni sədri seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2011 12:12 (UTC +04:00)
"Azərbaycan Sənaye Bankı" ASC-nin idarə heyəti sədrinin müavini Cenk Bartın "MilliKart"ın Direktorlar Şurasının sədri təyin edilib.
"MilliKart" prosessinq mərkəzinin Direktorlar Şurasının yeni sədri seçilib

Azərbaycan, Bakı, 22 avqust /Trend/

"Azərbaycan Sənaye Bankı" ASC-nin idarə heyəti sədrinin müavini Cenk Bartın "MilliKart"ın Direktorlar Şurasının sədri təyin edilib. Trend-in məlumatına görə, bu barədə şirkətin məlumatında deyilir.

Avqustun 12-də "MilliKart" MMC-nin səhmdarlarının ümumi yığıncağının növbəti iclası keçirilib. İclasda "MilliKart" MMC-nin Direktorlar Şurası üzvlərinin tərkibi eyni qalaraq "AtaBank" ASC, Avropa Yenidənqurma və İnkişaf Bankı, "Azərbaycan Sənaye Bankı", "Bank of Baku" ASC, "Bank Respublika" ASC, "DəmirBank" ASC, "Unibank KB" ASC-nin təmsilçiləri seçilib.

Calal Orucov yenidən "MilliKart"ın icraçı direktoru seçilib.

Cenk Bartın MMC-nin Direktorlar Şurasının sədri seçilməsi ilə bağlı açıqlamasında, "MilliKart"ın istər kartlı ödəmə sektoru, istərsə də bank sektorunda son dərəcə əhəmiyyətli və strateji bir mövqedə olduğunu ifadə edib. Bununla yanaşı, "MilliKart" olaraq qarşıdakı dövrdə üzv banklara daha da yüksək səviyyədə xidmət göstərmək üçün yeni nəsil ödəmə texnologiyalarının bazara təqdim edilməsi ilə bağlı işləri sürətləndirəcəklərini qeyd edib.

"MilliKart" MMC hazırda 13 qabaqcıl banka xidmət göstərir. Həmin banklar tərəfindən 160 mindən artıq ödəniş kartları emissiya edilib, 300-dən çox bankomat və 2000-dən çox POS-terminal quraşdırılıb.

Bundan əvvəl "MilliKart"ın Direktorlar Şurasının sədri "Unibank"ın nümayəndəsi idi.

MMC 2006-cı il iyulun 14-də ölkənin 18 bankı tərəfindən Azərbaycan Mərkəzi Bankının kart ödənişləri üzrə prosessinq mərkəzinin alınmasından sonra yaradılıb. "MilliKart" MMC-nin nizamnamə kapitalı 5 milyon manat təşkil edir.

Mərkəzin təsisçiləri bunlardır: AtaBank, DəmirBank, AzərTürkBank, Bank of Baku, Azərbaycan Sənaye Bankı, DebutBank, AmrahBank, Xalq Bank, Credo Bank, Access Bank, ParaBank, RabitaBank, Bank Respublika, Bank Standard, Texnika Bank, Turan Bank, UniBank və Zamin Bank.

Xəbər lenti

Xəbər lenti