...

Azərbaycanın vergi yükü 11,9 faiz təşkil edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2011 20:10 (UTC +04:00)
2011-ci ilin yanvar-avqustunda Azərbaycanda vergi gəlirlərinin ümumi həcmində dolayı vergi ödənişlərinin payı 29,4 faiz təşkil edib.
Azərbaycanın vergi yükü 11,9 faiz təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin yanvar-avqustunda Azərbaycanda vergi gəlirlərinin ümumi həcmində dolayı vergi ödənişlərinin payı 29,4 faiz təşkil edib. Trend-in məlumatına görə, bunu Vergilər Nazirliyin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi analiz Baş İdarəsinin rəisi Natiq Şirinov bazar ertəsi jurnalistlər üçün təşkil olunmuş "Müstəqil Azərbaycanın vergi sistemi" adlı seminarda deyib.

"2010-cu ildə bu göstərici 40,1 faiz təşkil edib. Məlum olduğu kimi, dolayı vergilərdən gəlir nə qədər az olarsa, ölkədə vergi sistemi bir o qədər də təsirli işləyər", - Şirinov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 2009-cu ildə vergi yükü 11,6 faiz, 2010-cu ildə 10,3 faiz, 2011-ci ilin yanvar-avqust aylarında isə 11,9 faiz təşkil edib.

Nazirliyin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayevin sözlərinə görə, Azərbaycan müstəqilliyini əldə etdiyi andan etibarən, yəni son 20 il ərzində ölkədə vergilərin sayı 13-dən 9-dən azalıb. Onun sözlərinə görə, ƏDV əvvəllər 28-32 faiz (indi 18 faiz), gəlir vergisi isə 12-55 faiz arası (14-30 faiz) dəyişirdi.

"Hazırda 1,2 milyondan çox bəyannamə nazirliyə elektron şəkildə gəlir ki, bu da təqdim olunan bəyannamələrin 90 faizdən çoxunu təşkil edir", - Musayev deyib.

Jurnalistlər üçün seminar sentyabrın 23-24-də nazirliyin Şamaxıda yerləşən Tədris Mərkəzində keçirilib. Mərkəz 2011-ci ilin sentyabrında istifadəyə verilib.

Mərkəzin kompleksinə üçmərtəbəli tədris binası, ikimərtəbəli inzibati bina, dinləyicilər və müəllimlər üçün yataqxana, o cümlədən dəvət olunmuş ekspertlər üçün dörd ədəd ikimərtəbəli qonaq evi daxildir. Mərkəzdə 3 mühazirə auditoriyası hazırlanıb. Burada 3 səviyyədə hazırlıq keçirilməsi planlaşdırılıb. Birinci səviyyə yeni işə düzələnlər üçün iki aylıq təlim kurslarını əhatə edir. İkinci səviyyə bir-iki həftə ərzində vəzifəli şəxslər üçün hazırlıq, üçüncü səviyyə isə rəhbər işçilər üçün qısamüddətli hazırlıq məqsədilə nəzərdə tutulub.

"Gələcəkdə mərkəzdə məsafəli virtual təlimlərin keçirilməsinə başlanacaq. Ümumilikdə, bu gün mərkəzdə eyni vaxtda 60 nəfərədək dinləyici təhsil ala bilər", - Tədris Mərkəzinin rəhbəri Yaşar Kəlbiyev deyib.

Xəbər lenti

Xəbər lenti