...

Azərbaycan RF-nin daha üç regionu ilə saziş imzalayıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2011 17:07 (UTC +04:00)

Altıncı abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:24-də yayılıb)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir A.Axundov/

Çərşənbə axşamı Azərbaycan Rusiyanın üç respublikası - Qaraçay-Çərkəz, Dağıstan və İnquşetiya ilə əməkdaşlıq haqqında strateji saziş imzalayıb. Bu barədə Trend-ə RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin deyib.

Sazişi Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Rusiya regionlarının rəhbərləri imzalayıblar.

Şedrinin sözlərinə görə, həmçinin Stavropolun Nevinnomıssk şəhəri ilə Sumqayıt şəhərinin qardaşlaşması və əməkdaşlıq haqqında saziş imzalanıb.

İmzalanma mərasimi RF Baş nazirinin müavini Aleksandr Xloponinin Azərbaycan rəsmi səfəri çərçivəsində baş tutub.

Həmçinin ticari-iqtisadi əməkdaşlqı üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın həmsədri və Şimali Qafqaz federal dairəsində prezidentin səlahiyyətli nümayəndəsi olan Xloponin oktyabrın 4-də Azərbaycana rəsmi səfər edib.

Hazırda Azərbaycanla xarici ticarət dövriyyəsinə RF-nin 71 subyekti cəlb edilib ki, onlardan 15-i ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında müvafiq saziş imzalanıb.

RF regional inkişaf nazirinin müavini Sergey Vereşaginin sözlərinə görə, bu gün Bakıda imzalanan sazişlər RF subyektləri ilə Azərbaycan arasında əməkdaşlığın iqtisadi və digər sahələrini əhatə edir.

"Tezliklə analoji saziş Çeçenistan Respublikası ilə də imzalanacaq", - Vereşagin deyib.

Bu il Azərbaycan və Rusiya mal dövriyyəsinin həcmi üzrə 2,8-3 milyard dollar səviyyəsində rekord göstəriciyə çatmağı planlaşdırır. Azərbaycanla Rusiya arasında mal dövriyyəsinin rekord göstəricisinə 2008-ci ildə (2,4 milyard dollar) nail olunub.

Buna 2011-ci il iyulun 1-dən Rusiyada taxıl ixracına embarqo qoyulması, eləcə də Azərbaycandan təbii qazın artan ixrac həcmləri nəzərə alınmaqla nail olmaq mümkün olacaq.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyul aylarının yekunları üzrə ölkələr arasında mal dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 62,74 faiz artımla 1,73 milyard dollar təşkil edib.

Rusiya Federal Gömrük Xidmətinin göstəricilərinə görə, 2010-cu ildə Rusiyanın Azərbaycan ilə mal dövriyyəsi 1947,9 milyon dollar olub.

Rusiya ilə mal dövriyyəsi Azərbaycanın xarici ticarətində şaxələndirilmiş əmtəə nomenklaturasından biridir.

Rusiya-Azərbaycan ticari münasibətlərinin inkişafında və ticarət dövriyyəsinin artırılmasında mühüm rolu regionlararası əməkdaşlıq oynayır. 2010-cu ildə Rusiyanın əsas ixrac malları strukturunda əsas yeri ərzaq, maşınlar, avadanlıq və nəqliyyat vasitələri, ağac və sellüloz-kağız məmulatları, kimyəvi məhsullar, elektrik enerjisi, qara və əlvan metallar tutub. 2010-cu ildə Azərbaycandan Rusiyaya idxalın əsasını ərzaq, toxuculuq malları və ondan hazırlanan məmulatlar, mineral məhsullar, kimya sənayesi məhsulları, maşınlar və avadanlıqlar, metallar və onlardan hazırlanan məmulatlar təşkil edib.

2010-cu ildə Rusiyaya təbii qaz tədarükünə başlanılıb, ilin yekunu üzrə onun həcmi 800 milyon kubmetr təşkil edib. 2011-2012-ci illərdə Azərbaycandan təbii qazın ixracının iki milyard kubmetrədək artırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti