Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycanda sosial-iqtisadi göstəricilərin proqnozlaşdırılması üçün ümumi tarazlıq modelinin işlənməsi səkkiz ay ərzində başa çatacaq. Bu barədə bazar ertəsi Trend-ə İqtisadi İnkişaf Nazirliyi nəzdində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev məlumat verib.
Bazar ertəsi Bakıda İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu ilə ABŞ-ın "EcoMod" Araşdırmalar Mərkəzi arasında ölkənin sosial iqtisadi göstəricilərinin proqnozlaşdırılması üçün ümumi tarazlıq modeli işlənməsi haqqında müqavilə imzalanıb.
"2006-cı ildə Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə ümumi tarazlıq modelinin hazırlanması üzrə layihənin həyata keçirilməsi başlayıb və işlər 2008-ci ilin əvvəlinə qədər davam edib. Belə ki, modelin hazırlanması üçün informasiya və mütəxəssis çatışmazlığı ilə əlaqədar layihə dayandırılmışdı. 2009-cu ilin sonuna biz bu istiqamətdə işlərə yenidən başladıq və məlum oldu ki, layihə özünün əhəmiyyətini saxlayıb", - Vəliyev bildirib.
Onun sözlərinə görə, İnstituta belə işlərin aparılmasına təxminən üç il vaxt lazım olardı, ancaq ilkin işlənmələrin olması ilə əlaqədar layihənin reallaşdırılması müddətini səkkiz aya qədər azaltmaq mümkün olub.
"Yaradılacaq model MDB ölkələrində ən mükəmməlidir və onun istifadəsi üçün daha çox imkan var. Bu model sahələrarası qarşılıqlı əlaqələri, regional münasibətlərin səviyyəsini araşdırmağa, sosial-iqtisadi göstəriciləri hesablamağa, orta və uzunmüddətli proqnozlar verməyə imkan verir", - Vəliyev deyib.
Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsi İnstitutun daxili imkanları hesabına həyata keçirilir.
Modelin hazırlanması 2006-cı ildə Asiya İnkişaf Bankının təşəbbüsü olub. Layihə AİB-in qrantı çərçivəsində 600 min dollara həyata keçirilib və iki ilə hesablanıb. AİB-in texniki köməyi çərçivəsində treninqlərin keçirilməsi üçün ABŞ-ın "ECOMOD Network" şirkəti və London Business University-dən məsləhətçilər cəlb olunub.