...

"Unibank"ın reytinqi üzrə proqnozun yüksəldilməsi maliyyə göstəricilərinin artımının obyektiv qiymətidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2011 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

"Moody's Investors Service" beynəlxalq agentliyi "Unibank" ASC-nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını "sabit"ə qədər yüksəldərək, bir daha bankın uzunmüddətli öhdəliklər reytinqini "B2" səviyyəsində təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə cümə günü bankın yaydığı məlumatda deyilir.

Bununla yanaşı, agentlik bankın maliyyə dayanıqlılığı reytinqini "E+" səviyyəsində qiymətləndirib.

"Moody's"in yeni qiymətləndirməsi bankın 2011-ci ilin yanvar-sentyabr ayları üzrə hesabatlarına, habelə ötən ilin audit yoxlamasından keçən və beynəlxalq maliyyə hesabatları standartlarına (BMHS) müvafiq tərtib olunan maliyyə hesabatlarına əsaslanır.

Agentliyin analitiklərinin fikrincə, reytinq üzrə proqnozun "sabit"ə dəyişdirilməsi cari ildə "Unibank" ASC-nin gəlirliliyinin davamlı artımı tendensiyası ilə bağlıdır. Bundan əlavə, "Moody's" bankın kredit portfelinin 27 faiz artmasına əsaslanaraq, aktivlərinin keyfiyyətinin sabitləşməsini də qeyd edir.

"Moody's" ekspertləri təsdiq edirlər ki, bank reytinqinin daha da yüksəlməsi imkanları gələcəkdə əsas maliyyə göstəricilərini davamlı yaxşılaşdırmaq iqtidarında olmasından asılıdır.

"Reytinq üzrə proqnozun yüksəlməsi kredit fəallığının artmasına, depozit bazasının genişləndirilməsinə və bankın yüksək likvidliyinə verilən obyektiv qiymətdir", - "Unibank" ASC-nin idarə heyətinin sədri Faiq Hüseynov belə hesab edir.

Onun sözlərinə görə, cari ildə müşahidə olunan kredit portfelinin və gəlirlərinin əhəmiyyətli dərəcədə artması gələcəkdə də davam edəcək və bu amil beynəlxalq agentliklər tərəfindən daha yüksək reytinqlərin verilməsini şərtləndirəcək.

Xatırladaq ki, "Moody's Investor Service" agentliyi "Unibank" ASC üzrə reytinq qiymətləndirməsini sonuncu dəfə 2008-ci ilin noyabr ayında dəyişmişdi. Onu da qeyd etmək lazımdır ki, cari ilin oktyabr ayının 31-nə bankın aktivləri 446 milyon manat, kredit portfeli 332,5 milyon manat, mənfəəti isə 5,3 milyon manat təşkil edib.

"Unibank"ın səhmdarları arasında 11 fiziki şəxs (76,52%), AYİB (15,15%) və "DEG" Almaniya İnvestisiya Şirkəti (8,33%) var. 24 filial və şöbə vasitəsilə bank Bakı və Sumqayıtda, habelə Azərbaycanın altı mühüm bölgəsində ümumilikdə 170 mindən artıq müştəriyə xidmət göstərir.

Noyabrın 11-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti