Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir N.İsmayılova/
Bu gün CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) çərçivəsində ümumi məbləği 17 milyard dollar olan 100-dən yuxarı infrastruktur layihə təsdiqlənib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda proqrama üzv ölkələrin X yubiley Nazirlər Konfransında Asiya İnkişaf Bankının (AİB) prezidenti Haruhiko Kuroda bildirib.
"Bu layihələrin bir hissəsi artıq başa çatıb və ya tamamlanma mərhələsindədir", - Kuroda deyib.
Onun sözlərinə görə, CAREC çərçivəsində maliyyələşmənin ümumi həcmindən 27 faizə yaxını energetika sahəsində təxminən 27 layihənin həyata keçirilməsinə yönəldilib.
"Proqram üzrə layihələrin həyata keçirilməsi çərçivəsində CAREC iştirakçısı olan ölkələr arasında ticarətin həcminin artırılmasına nail olmuşuq, - bank prezidenti deyib. - Proqnozlara görə, 2017-ci ilədək ölkələr arasında ticarətin həcmi 2001-2008-ci illərlə müqayisədə 13 dəfə arta bilər".
Kuradonun fikrincə, Avropada dünya böhranı fonunda Asiya qitəsi öz həyat qabiliyyətini, CAREC-2020 strategiyasında nəzərdə tutulduğu kimi, 10 ildən sonra da göstərdi və region daha böyük uğurlara nail ola bilər.
"Çin istisna olmaqla, CAREC proqramı iştirakçısı ölkələrinin iqtisadi inkişafı digər subregionların inkişafından bir qədər geri qalır. Bu məqsədlə proqrama üzv ölkələrin əhalisinin məşğulluğunu artırmaq lazımdır ki, bu da onların davamlı iqtisadi inkişafı üçün vacibdir", - Kuroda deyib.
O bildirib ki, ölkələr öz institusional potensiallarını artırmalı və orta sinfin daha sürətli artımını təmin etməlidirlər.
Tədbirdə iqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
CAREC proqramının üzvləri Əfqanıstan, Azərbaycan, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistandır. CAREC-in fəaliyyətini altı beynəlxalq qurum dəstəkləyir: Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı.