...

Azərbaycanın şimal bölgəsinin sahibkarlarına 10 faizlik güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2011 20:23 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Quba-Xaçmaz rayonunda 97 investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 12,8 milyon manat ayırıb.
Azərbaycanın şimal bölgəsinin sahibkarlarına 10 faizlik güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin əvvəlindən İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Quba-Xaçmaz rayonunda 97 investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 12,8 milyon manat ayırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü nazirliyin yaydığı məlumatda deyilir.

Bu vəsaitlərdən 11,5 milyon manat yeni texnologiyaların tətbiqinə əsaslanan 7 investisiya layihəsinin, 1,3 milyon manat isə 90 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə ayrılıb. Bu kreditlər hesabına layihələrin həyata keçirilməsi nəticəsində 360-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

2011-ci ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 1506 investisiya layihəsinin maliyyələşdirilməsinə 123,9 milyon manat güzəştli kredit verilib ki, bu layihələrin reallaşdırılması 5700-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Cümə günü Quba rayonunun Ağbil kəndində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbir keçirilib. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Quba və ətraf rayonlarda fəaliyyət göstərən 33 sahibkarlıq subyektinə 419 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbir iştirakçıları "D.Fruits KT" MMC-nin Quba rayonunun Vladimirovka kəndində tutumu 4200 ton olan müasir soyuducu anbar kompleksinin fəaliyyətinə, Vladimirovka və Dəlləkli kəndlərində intensiv meyvə bağlarının salındığı 60 hektar ərazidə aparılan işlərə baxış keçiriblər.

SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi sayı 38 olan müvəkkil və bank olmayan kredit təşkilatları vasitəsilə həyata keçirilir.

Noyabrın 25-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti