Azerbaijan, Baku, 29 noyabr /Trend/
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-i Sveneti-Ruisi yolunun və iki istiqamətli tunelin tikintisini yekunlaşdırıb. Bunu çərşənbə axşamı Trend-ə şirkətin İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin Direktoru Afaq Quliyeva bildirib.
Təntənəli aşılış mərasimi Gürcustanın prezidenti Mixael Saakaşvili, Regionların və İnfrastrukturun İnkişafı naziri R.Nikolaişvili, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin rəhbəri Xaqani Quluzadə və digər rəsmilərin iştirakı ilə noyabrın 28-də baş tutmuşdur. Rəsmi hissə bitdikdən sonra yol və tunel istismara verilmişdir.
2009-cu ilin iyul ayının 9-da "Akkord" ilk dəfə Gürcüstanda Sveneti-Ruisi yolunun beton örtüklə tikintisi üzrə keçirilən tenderin qalibləri sırasına daxil olmuşdur. Bu layihə 3 lotdan ibarətdir və Korporasiya tərəfindən tikilən yolun uzunluğu iki istiqamət üzrə 15 km təşkil edir. 1-ci və 2-ci lot üzrə "Akkord-Gürcüstan" bilavasitə kontraktor/icraçı kimi çıxış edir. Layihə üzrə 1-ci lot: ümumi 4500 m /5 körpü, 26 boru keçidi, 2 bokskalvert, 2 asfalt ötürücü; 2-ci lot: ümumi 1450 m/1 körpü-estakada (877 m) / Dairəvi yol: 2154 m/1 körpü (160 m), 5 boru-keçid (1500 mm - diametr), 78 m uzunluqlu 500 mm-lik boru keçidinin tikintisini nəzərdə tutur. 3-cü lotda "Akkord-Gürcüstan" subpodratçı kimi fəaliyyət göstərir. Bu lotda ümumi yol uzunluğu 8300 m olmaqla 750 m x 2 ikitərəfli tunel, 2 bokskalvert, 3 boru keçidinin inşası nəzərdə tutulub. Bu layihə "Kocks Group" şirkəti tərəfindən hazırlanıb və Dünya Bankı tərəfindən maliyyəşdirilir. I-ci avtoban yol kateqoriyasına daxil olub, vacib strateji əhəmiyyət daşımaqla yanaşı, bu yol həm də Gürcüstanı Rusiya və Türkiyə ilə bağlayan ümumi magistralın tərkib hissəsidir. "Akkord-Gürcüstan" tikinti işlərinə 2009-cu ilin 15 iyul tarixində başlamış, tikinti sahəsinə 900-dən çox mütəxəssis və işçi, 600 texniki avadanlıq cəlb etmiş, 4 beton zavodu, 3 daşdoğrayan, 2 asfalt zavodu və 1 beton plitələri və boruların istehsalı zavodu tikmiş, həmçinin qaraj, laboratoriya, yataqxana, işçilər ücün yeməkxana, tibb mərkəzi, ofis və s. inşa etmişdir.
Hazırda 1-ci lot üzrə işlər yekunlaşdırılıb və qarşıya qoyulan məqsəd tam yerinə yetirilib. Sahədə uzunluğu 4750 m beton örtüklü və uzunluğu 1202 m asfalt yollar salınıb, körpülər tikilib. 2-ci lot üzrə işlərin əsas hissəsi yerinə yetirilib, uzunluğu 161 m "By pass" körpünün tikintisi tamamlanıb, Liaxvi çayın üzərindən keçən uzunluğu 877 m körpü-estakadanın tikintisi davam etdirilir. Körpünün tikintisində yeni texnologoyalardan və yerdəyişmə üsulundan istifadə etməklə körpünün hissələləri mərhələli dayaqların üstünə yerləşdirilir.
Kontrakta əsasən "Akkord-Gürcüstan" Sveneti-Ruisi yolunun tikintisinin 3-cü lotu üzrə 2009-cu ilin avgustundan uzunluğu 8331 m beton örtüklü yolun və uzunluğu 778 m iki tərəfli tunelin tikintisi üzrə işlər aparır. 2011-ci ilin noyabr ayının sonunda Korporasiya bu layihəni uğurla yerinə yetirərək, yolun və iki istiqamətli tunelin tikintisini yekunlaşdırıb istismara vermişdir.
Qeyd etmək lazımdır ki, Gürcüstanda daha bir böyük layihə "Akkord" tərəfindən 2010-cu ilin noyabr ayının 15-də tamamlanıb - 224 km ərazidə Türkiyə sərhədinədək uzanan Samtsxe-Cavaxetiya yolunun Tsalka-Nardevani istiqamətindəki 15 km-lik hissəsi tikilərək təntənəli açılış mərasimi ilə təhvil verilib.
Hazırda bu ölkədə "Akkord-Gürcüstan" tərəfindən 8,3 km-lik Tbilisi-Tianeti, 10 km-lik Kutaisi-Tsxaltubo-Lentexi, 12,23 km-lik Kutaisi-Tkibuli-Ambrolauri yollarının tikintisi kimi vacib layihələr də həyata keçirilir.
Xüsusilə qeyd etmək lazımdır ki, Gürcüstan "Akkord"-un xaricdə yolların tikintisi və nəqliyyat infrastrukturu yaratdığı yeganə ölkə deyil. Akkord Korporasiyasının öz fəaiyyətini uğurla həyata keçirdiyi ölkələrdən biri də Qazaxıstandır. "Qərbi Avropa - Qərbi Çin" beynəlxalq yol layihəsinin icrası çərçivəsində "Akkord" bu ölkədə iki lot üzrə 107 km asfalt örtüklü yolun tikintisi üzrə tenderin qalibi olub və beləliklə, öz brendinin Qazaxıstanda da tanınmasına nail olub. Hazırda sözügedən layihə üzrə yolda torpaq-bərkitmə işlərinin 50 faizi tamamlanıb, 40 km-dən artıq yolda asfalt döşəmə işləri görülüb.
2010-cu ildə AR Prezidenti İlham Əliyevin Özbəkistanla münasibətlərin təkmilləşməsi təşəbbüsü ilə əlaqədar, "Akkord" bu ölkədə keçirilən milli sərgidə iştirak edib, Azərbaycanı layiqli təmsil edib və bununla bu ölkədə həyata keçiriləcək layihələrdə iştirak etməyə maraqlı olduğunu bildirib. Bu ölkədə Korporasiya Daşkənd-Termez yolunun tikintisi layihəsində iki lot üzrə keçirilən tenderin qalibi olub və hazırda yolun tikintisinə hazırlaşır.
Hal-hazırda "Akkord"-un törəmə müəssisələri həmçinin Ukrayna və Türkiyədə fəaliyyət göstərirlər.