...

Milli Məclis 2012-ci il dövlət büdcəsini qəbul etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2011 12:52 (UTC +04:00)
Azərbaycan Milli Məclisi 2012-ci il və daha sonrakı üç il üçün dövlət büdcəsi layihəsini qəbul edib.
Milli Məclis 2012-ci il dövlət büdcəsini qəbul etdi

Azərbaycan, Bakı, 6 dekabr / Trend müxbir A.Axundov/

Azərbaycan Milli Məclisi 2012-ci il və daha sonrakı üç il üçün dövlət büdcəsi layihəsini qəbul edib. Nəticədə dövlət büdcəsinin gəlirləri 0,012 faiz, xərcləri isə 0,5 faiz artıb.

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, deputatların təklifləri nəzərə alınmaqla dövlət büdcəsinin xərclər hissəsi 0,5 faiz - 16 984,4 milyon manatdan 17 072 milyon manatadək artırılıb. Gələn il xərclərin artırılması üzrə 87,6 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub ki, bunun 63,6 milyon manatı səhiyyə sahəsində, 7,1 milyon manatı təhsil, 4,6 milyon manatı mədəniyyət, incəsənət və informasiya, 4,2 milyon manatı sosial müdafiə və sosial təminat, 4,2 milyon manatı ümumdövlət, 3,9 milyon manatı nəqliyyat və rabitə sahələrində xərclərin artırılmasına yönəldiləcək.

"Əlavə xərclərin 1,6 milyon manatı gələn il üzrə gəlirlərin, yerdə qalan 86 milyonu isə büdcə kəsirinin artırılması hesabına təmin olunacaq", - nazir deyib.

Şərifovun sözlərinə görə, dövlət xərclərinin artırılması nəticəsində gəlirlər əvvəllər proqnozlaşdırılan 16 436,4 milyon manata qarşı 16,438 milyon manat, büdcə kəsiri isə 634 milyon manat olacaq. Dövlət büdcəsinin kəsiri əvvəllər 548 milyon manat səviyyəsində proqnozlaşdırılıb ki, bu da gələn il üçün proqnozlaşdırılan ÜDM-in 1,3 faizini təşkil edib.

"Dəyişikliklərə görə, proqnozlaşdırılan ÜDM-də dövlət büdcəsi kəsirinin payı 0,2 faiz bəndi artaraq 1,5 faiz təşkil edib ki, biz bunu normal səviyyə hesab edirik", - nazir deyib.

Onun sözlərinə görə, icmal büdcənin kəsirinin yuxarı həddi 1,893 milyard manat təşkil edəcək.

Büdcənin təsdiqlənməsi lehinə 110 deputat, əleyhinə üç deputat səs verib.

Dekabrın altısına rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti