...

Azərbaycanda onlayn rejimdə nəqliyyat vasitələri sahiblərinin icbari məsuliyyət sığortası üzrə ilk polis buraxılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2011 17:05 (UTC +04:00)
"Atəşgah" SŞ Motor bürosunun informasiya sistemi vasitəsilə onlayn rejimdə avtonəqliyyat vasitələri sahiblərinin icbari məsuliyyət sığortası üzrə ilk polisin buraxılışını həyata keçirib.
Azərbaycanda onlayn rejimdə nəqliyyat vasitələri sahiblərinin icbari məsuliyyət sığortası üzrə ilk polis buraxılıb

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ Motor bürosunun informasiya sistemi vasitəsilə onlayn rejimdə avtonəqliyyat vasitələri sahiblərinin icbari məsuliyyət sığortası üzrə ilk polisin buraxılışını həyata keçirib. Bu barədə şənbə günü şirkətdən Trend-ə məlumat verilib.

Dekabrın 16-dan başlayaraq sığorta şirkətləri tərəfindən Azərbaycanda "İcbari sığorta növləri haqqında" qanunun praktiki icrasına başlanılıb.

Motor bürosu "İcbari sığorta növləri haqqında" qanunun tələblərinə əsasən, "Atəşgah" SŞ də daxil olmaqla, Azərbaycanın altı sığorta şirkəti tərəfindən yaradılıb. "Atəşgah" SŞ həm də büronun Himayədarlar Şurasına daxildir.

"İcbari sığorta növləri haqqında" qanun icbari sığortanın dörd növünü - daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyət, sərnişinlərin və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin sığortalanmasını tənzimləyir.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. "Atəşgah" SŞ, "Atəşgah Həyat" SŞ və "İntermed" Tibb Klinikası "Atəşgah" Sığorta Qrupuna daxildir. 2010-cu ilin nəticələrinə əsasən, "Atəşgah" SQ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində qrupun sığorta haqları 15,6 mln. manat, ödənişləri isə 5,3 mln. manat təşkil edib. Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti