Azərbaycan, Bakı, 22 dekabr /Trend/
Azərbaycanın sığorta şirkəti AXA MBASK 5 il ərzində agent satışları üzrə inkişaf etmiş ölkələrin səviyyəsinə çatmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə AXA SIĞORTA Şirkətinin (Türkiyə) Müşahidə Şurası sədri Camal Ərərdi bildirib. Ərərdinin sözləri şirkətin cümə axşamı yaydığı məlumatda göstərilib.
"Bu gün inkişaf etmiş ölkələrdə xüsusi çəkisi 60 faizə yaxın olan bu satış kanalı müştərilərlə yaxın əlaqədə işləyərək, müştərilərə konsaltinq xidməti vasitəsilə onlara müxtəlif çeşidli sığorta məhsullarını satın almaqda xeyli kömək edir. Azərbaycan bazarında agentlər şəbəkəsinin inkişafı, bütövlükdə sığorta bazarının genişlənməsini təmin edəcək. Agentlər şəbəkəsinin əhəmiyyətini dərk edib və Azərbaycan vətəndaşlarının hamısına yaxın olmağı nəzərdə tutaraq AXA MBASK yalnız Bakıda yox, ölkənin bütün regionlarında geniş agent şəbəkəsini qurub.
Bu niyyətlə xeyli sayda agentliklər yaratmışıq və ən qısa zamanda onların modern texnoloji imkanlardan bəhrələnməklə, müştərilərimizə ən yüksək xidmət göstərmələrini planlaşdırırıq. Fəaliyyətimizin birinci ilində 6 faiz paya sahib çıxan bu satış kanalını 5 il ərzində 60 faizə çatdırmaq niyyətindəyik", - Ərərdi deyib.
O bildirib ki, bunun üçün agentlərə təlim keçərək, müştəri qarşısına çox savadlı və hazırlıqlı agentlərini çıxarmağa çalışacaqlar.
"Azərbaycanda ilk dəfə keçirdiyimiz agent iclasında çoxlu agentlərin iştirak etməsi və həmin iclasda interaktiv görüşlərin də səmərəli keçməsi bizim Azərbaycan bazarında daha da sürətlə güclənə biləcəyimizə dəlalət edir. AXA MBASK rəhbərlərinin bu məsələdə qətiyyəti, agentlərlə yaratdıqları müsbət əlaqə şirkətimizi strateji üstünlüyə gətirir. Bu iclasın şirkətimizə və Azərbaycan sığorta bazarına xeyirli olmasını arzulayıram", - Camal Ərərdi bildirib.
AXA MBASK Siğorta Şirkətinin təşkil etdiyi forum Azərbaycanda bu qəbildən ilk tədbirdir.
Forumda AXA MBASK şirkəti ilə əməkdaşlıq edən sığorta agentlikləri rəhbərləri və sığorta agentləri iştirak ediblər. Forum iştirakçıları qarşısında AXA SIĞORTA Şirkətinin (Türkiyə) Müşahidə Şurası sədri Camal Ərərdi, AXA MBASK Şirkəti İdarə Heyətinin sədri Yavuz Ölkən, Axa MBASK İdarə Heyəti sədrinin müavini Rəşad Abbasov, İdarə Heyətinin üzvü Səlçuk Adığözəl çıxış ediblər.
Forumda keçirilən müzakirələrin əsas mövzusu Azərbaycanda agent satışlarının genişləndirilməsilə bağlı məsələlər, agent satışlarındakı mövcud beynəlxalq təcrübə, 2012-ci ildə sığorta agentliklərinin inkişafına dair planlar və stratejilər, ölkə paytaxtında və bölgələrdə agent şəbəkəsi vasitəsilə sığortanın icbari növlərinin satışı məsələləri olub. Bununla yanaşı, forum iştirakçılarına sığorta müqavilələrini rəsmiləşdirməkdə agentlərin işini xeyli asanlaşdıracaq yeni "Phoenix" proqram təminatı da nümayiş edilib.
Maliyyə müdafiəsi sahəsində dünya lideri olan AXA Group əsas diqqəti Avropa, Şimali Amerika, Asiya-Sakit okean bölgəsi və Yaxın Şərqə yetirmək şərtilə dünyanın 57 ölkəsində fəaliyyət göstərir.
Gəliri 90 milyard avro, mənfəəti 3,5 milyard avro olan qrup dünyanın ən iri sığorta şirkətlərinin reytinq siyahısında birinci yer tutur, maliyyə yatırımlarının sığortası sahəsində liderlərdən biridir. 2011-ci ilin əvvəlinə olan məlumata görə şirkətin 210 mindən artıq əməkdaşı var, dünya boyu müştərilərin isə sayı 96 milyondur. Nüfuzlu AM Best maliyyə agentliyinin məlumatına görə isə AXA 2009-cu ilin yekunlarına görə xalis mükafatların həcmi sahəsində dünyanın ən iri sığortaçısı olub.