...

İqtisadi İnkişaf Nazirliyi endirimli qiymətlərlə mal alarkən diqqətli olmağa çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2012 16:47 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi istehlakçıları endirimli qiymətlərlə mal alarkən diqqətli olmağa çağırır.
İqtisadi İnkişaf Nazirliyi endirimli qiymətlərlə mal alarkən diqqətli olmağa çağırır

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

İqtisadi İnkişaf Nazirliyi istehlakçıları endirimli qiymətlərlə mal alarkən diqqətli olmağa çağırır.

"Daha çox alıcı cəlb etmək məqsədi ilə ticarət subyektləri bəzi hallarda, xüsusən də bayram günlərində və mövsümün dəyişməsi ilə əlaqədar malların qiymətlərində endirimlər tətbiq edirlər. Bu barədə məlumatların istehlakçılara çatdırılması üçün əsasən mağazaların pəncərələrində, vitrinlərində və fasadlarında yayımlanan reklamlardan istifadə olunur", - bazar ertəsi nazirlikdən Trend-ə verilən məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, bəzi hallarda isə təsərrüfat subyektləri tərəfindən aparılan endirim kampaniyaları saxta xarakter daşıyır. Belə ki, istehlakçıların cəlb edilməsi məqsədilə qeyri-dəqiq reklamlar yerləşdirilir. Bununla da, ticarət subyektləri istehlakçıların seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə etməklə istehlakçıları aldadırlar.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara endirimlərlə mal təklif edən mağazalara daxil olmazdan əvvəl endirimlərlə əlaqədar yayımlanan reklamlarda:
- endirim tətbiq olunan malların əhatə dairəsinin (bütün mallara, bir qrup mala, yaxud bir mala və s.) dəqiq göstərilib-göstərilməməsinə,
- tətbiq olunan endirim faizlərinin reklamda konkret göstərilib-göstərilməməsinə xüsusi diqqət yetirilmələrini tövsiyə edir.

Endirim tətbiq olunan malların əhatə dairəsi və endirim faizləri konkret göstərilmiş mağazalarda isə istehlakçılar alış-veriş edərkən endirimin yayımlanan reklama uyğunluğuna, malların üzərində endirimdən əvvəlki və sonrakı qiymətlərin olmasına diqqət yetirməlidirlər.

İstehlakçılara ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur (əlaqə telefonları: 498-15-01 və 498-15-04).

Xəbər lenti

Xəbər lenti