...

"Flydubai" azərbaycanlı turistlərə daha əyləncəli uçuş təlif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2012 15:16 (UTC +04:00)
Dubayın ilk büdcə aviaşirkəti "Flydubai" təyyarələrində təchiz edilmiş IFE əyləncə sistemini yeniləyib.
"Flydubai" azərbaycanlı turistlərə daha əyləncəli uçuş təlif edir

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.İsmayılov/

Dubayın ilk büdcə aviaşirkəti "Flydubai" təyyarələrində təchiz edilmiş IFE əyləncə sistemini yeniləyib.

Şirkətdən çərşənbə günü Trend-ə verilən məlumata görə, artıq sərnişinlərə qənaətcil daşınmalar bazarında misli olmayan çeşiddə televiziya proqramları, musiqi və kinofilmlər təklif olunur.

2010-cu ilin noyabr ayından istismara buraxılan "Lumexis" şirkətinin 'Fiber-To-The-Screen®' ('FTTS®') sistemi göyərtədə əyləncə sistemləri sahəsində ən müasir yenilikdir: optik-lif texnologiyalardan istifadə etməklə ilk dəfə HD formatlı filmləri nümayiş etdirmək mümkün olub.

Bu sistemin imkanlarından faydalanaraq, "Flydubai" öz sərnişinlərinə nadir musiqi, kino və televiziya proqramları paketi təklif edir. Məsələn, sərnişinlər qiyməti 3 ABŞ dollarından başlayan film və televiziya proqramları paketini seçə bilərlər. Yeni təklif qiymət və keyfiyyət mütənasibliyinə görə son dərəcə əlverişlidir. Sərnişinlər Amerika, Hindistan və ərəb istehsalı olan 149 film arasında seçim edə bilərlər.

Bundan başqa, sistem 250 musiqi albomu və 154 televiziya proqramının yayımını təmin edir (2010-cu ildə - yalnız 32 proqram mövcud idi). Beləliklə, təyyarə göyərtəsində əyləncə proqramlarının ümumi müddəti 500 saatdan artıqdır.

"Ən müasir texnologiyaları tətbiq edərək, biz çalışırıq ki, xidmətlərimizi daim təkmilləşdirək. Dünyanın heç bir qənaətcil hava yolunda olmayan əyləncə sistemi bunun bariz nümunəsidir. Məzmun həcminin durmadan genişləndirilməsi, hətta təyyarələrdə tez-tez uçan sərnişinlərə yeniliklər vəd edir", - "Flydubai" aviaşirkətinin baş meneceri Qeyt əl-Qeyt deyir.

Qənaətcil daşınmalar seqmentində ilk dəfə olaraq "Flydubai" sərnişinləri "Emirates 24/7" ingilisdilli informasiya saytı və ərəbdilli "əl-Bəyan" qəzetindən yararlana biliblər. Yerli və dünya xəbərlərindən başqa, sərnişinlər mühüm işgüzar və idman xəbərləri, həmçinin, müxtəlif maraq kəsb edən materiallarla tanış ola bilərlər. Təyyarə Dubaya enən zaman xəbər lenti dərhal yenilənir. Deməli, "Flydubai" sərnişinləri son yeniliklərdən daim xəbərdar olurlar.

"Flydubai" əyləncə sistemindən istifadə üçün paket prinsipinə əsaslanan yeni ödəniş sxemi təklif edir. Qiyməti 3 ABŞ dolları olan baza paketinə televiziya verilişləri, musiqi və oyunlar daxildir. Qiyməti 8 ABŞ dolları olan "Premium" paketini seçən sərnişinlər isə əlavə olaraq kinofilmlər seyr edə bilərlər. Hər zaman olduğu kimi, "Flydubai" xəbərləri, marşrut xəritəsi, uçuş haqqında məlumat və müxtəlif nəşrlərdən istifadə pulsuzdur.

"Əminəm ki, seçimindən asılı olmayaraq, hər bir sərnişin təyyarələrimizin göyərtəsindəki əyləncələrdən razı qalacaq. Hazırda donanmamızın əksəriyyəti müasir əyləncə sistemi ilə təchiz edilib. İstismara veriləcək yeni təyyarələr də, sözsuz ki, bu sistemlə təchiz ediləcək. Yəni 2012-ci ildən etibarən daha çox sərnişin bu sistemin imkanlarını layiqincə qiymətləndirə biləcək", - əl-Qeyt əlavə edib.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hazırda aviaşirkət marşrut şəbəkəsini 46 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin artıq 21 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət uçuşları daha sadə, rahat və əlverişli qiymətlərlə həyata keçirməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir. "Flydubai" aviaşirkətinin məqsədi səyahətləri daha asan, stress hissindən azad və qənaətcil etməkdir.

Xəbər lenti

Xəbər lenti