Azərbaycan, Bakı, 9 fevral /Trend müxbir A. Axundov/
Azərbaycanda sahibkarlıq subyektlərinin qeydiyyata alınması zamanı "bir pəncərə" prinsipinin tətbiqi nəticəsində ölkənin özəl sektoru rəsmiləşdirmə prosedurlarından ümumilikdə 23 milyon dollardan çox vəsaitə qənaət edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" forumunda çıxış edən Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova bildirib.
Onun sözlərinə görə, 2007-ci ilin əvvəlindən BMK-nın Vergilər Nazirliyi ilə başlayan əməkdaşlığının əsas istiqamətlərindən biri sahibkarlığın qeydiyyata alınmasının sadələşdirilməsidir.
"Bu islahatlar nəticəsində təkcə ilk 18 ay ərzində biznesin qeydiyyatının "bir pəncərə" prinsipinin tətbiqi 30 faiz artıb", - Əzimova vurğulayıb.
O deyib ki, "bir pəncərə"nin tətbiqi bu sahədə dövlət idarəetmənin səmərəliliyini və şəffaflığını artırıb.
"AMCHAM Azerbaijan" (Azərbaycanda Amerika ticarət palatası) rəhbərinin müavini Aluma Batinin sözlərinə görə, uğurlu vergi siyasətinin əsas şərtlərindən biri sahibkarların ictimai birlikləri və vergi orqanları arasında əlaqələrin möhkəmləndirilməsidir.
"Bu planda Azərbaycan Vergilər Nazirliyi olduqca uğurla işləyir və vergi ödəyiciləri ilə yaxşı əlaqələr qurur", - Bati vurğulayıb.
"Bir pəncərə" vasitəsilə biznesin qeydiyyata alınması sistemi Azərbaycanda 2008-ci ildə tətbiq edilib.