...

Əhalinin sosial müdafiəsi ilə bağlı yeni layihələr vətəndaş cəmiyyətləri ilə birgə müzakirə olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2012 17:12 (UTC +04:00)
Şağan kəndində yerləşən 3 saylı internat evində Əmək və Əhalinin Sosial Müdafiəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Əhalinin sosial müdafiəsi ilə bağlı yeni layihələr vətəndaş cəmiyyətləri ilə birgə müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 7 mart /Trend/

Şağan kəndində yerləşən 3 saylı internat evində Əmək və Əhalinin Sosial Müdafiəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda İctimai Şuranın üzvlərindən əlavə, Nazirliyin bir sıra yerli struktur bölmələrinin rəhbərləri də iştirak edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov iclası giriş sözü ilə açaraq bildirib ki, bu gün Azərbaycanda iqtisadi inkişafdan irəli gələn imkanlar, ilk növbədə, rifahlı cəmiyyət quruculuğuna, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, o cümlədən aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir. Təsadüfi deyil ki, ölkədə sosial rifah göstəriciləri ilbəil artır.

Bu istiqamətdə nazirlik tərəfindən müvafiq işlər görülür, sosial qanunvericilik bazasının mütərəqqi çalarlarla zənginləşdirilməsi və sosial cəhətdən həssas qrupların mənafelərini daha dolğun şəkildə təmin edə biləcək bir səviyyəyə çatdırılması üçün yeni layihələr, təkliflər hazırlanır. Bu sahədə məqsədyönlü işlərin aparılmasında ötən ilin ortalarında nazirlik yanında ixtisaslaşmış vətəndaş cəmiyyətlərinin təmsil olunduğu İctimai Şuranın yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Belə ki, ötən müddətdə sosial qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də yeni qəbul olunmuş "Sosial xidmət haqqında" qanunun layihəsinin işlənməsində səmərəli təkliflərin hazırlanması, sosial müdafiə tədbirlərinin effektivliyinin artırılması, monitorinqlərin aparılması, mütərəqqi beynəlxalq təcrübədən istifadə imkanlarının araşdırılması, digər tərəfdən, vətəndaş müraciətlərinin yerində, obyektiv və ədalətli araşdırılması, eyni zamanda, yeni aktiv sosial müdafiə tədbiri olan Özünədəstək Proqramına cəlb ediləcək ailələrin seçilməsi işlərində İctimai Şura səmərəli fəaliyyət göstərir. Şuranın müntəzəm olaraq keçirilən iclaslarında sosial müdafiə sahəsi ilə bağlı ayrı-ayrı məsələlər müzakirə olunur, bu sahədə görüləcək işlərin daha effektli təşkili ilə bağlı fikir mübadilələri aparılır. Keçirilən bu iclas da əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə nazirlik tərəfindən hazırlanan yeni layihələrin müzakirəsinə xidmət edir.

Şuranın ilk dəfə olaraq səyyari şəkildə keçirilən iclasında "Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramının hazırlanması və onun həyata keçirilməsi Qaydaları"nın, "2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın layihələri müzakirə olunub. Daha sonra iclasda "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanun layihəsi ətrafında fikir mübadiləsi aparılıb, rəy və təkliflər bildirilib.

İclas zamanı "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tədbirlər Planı da Şura üzvləri tərəfindən müzakirə olunub.

Tədbir çərçivəsində iclas iştirakçıları 3 saylı internat evində uşaqlar üçün yaradılmış şəraitlə, burada uşaqlara göstərilən xidmətin vəziyyəti ilə yaxından tanış olublar. İclas iştirakçılarına bildirilib ki, Heydər Əliyev Fondunun davamlı dəstəyi ilə 3 və 7 nömrəli internat evlərində aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində bu müəssisələrdə uşaqlar üçün nümunəvi şərait yaradılıb, əlilliyi olan uşaqların bacarıqlarının inkişafı və hüquqlarının müdafiəsi üçün mühüm işlər görülüb. Nazirliyin digər internat və pansionatlarında da əsaslı təmir və yenidənqurma işləri aparılmaqdadır.

Xəbər lenti

Xəbər lenti