Azərbaycan, Bakı, 17 may /Trend/
Azərbaycan bankı "DəmirBank"ın aktivləri 1 may 2012-ci il tarixinə 352,1 milyon manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 27,7 milyon manat və ya 8,5 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı bankın yaydığı məlumatda deyilir.
Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 42 milyon manat və ya 18 faiz artaraq 275,4 milyon manatı ötüb.
Bankda müştəri depozitlərinin həcmi 1 may 2012-ci il tarixinə 130,8 milyon manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 may 2012-ci il tarixinə 114,6 milyon manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 22,1 faiz və ya 20,7 milyon manat çoxdur.
Bankın nizamnamə kapitalı 1 may 2012-ci il tarixinə 21 milyon manat, məcmu kapitalı isə 50,1 milyon manat olub.
Ölkənin ilk banklarından olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.