Azərbaycan, Bakı, 3 avqust /Trend/
"Unibank" tərəfindən cəlb olunan fərdi əmanətlərin həcmi son bir ildə 65,6 milyon manat və ya 48,38% artıb. Əhalinin əmanətləri bankın fəaliyyət göstərdiyi 20 illik dövr üçün yeni tarixi maksimuma çatıb və ilk dəfə 201,2 milyon manat təşkil edib.
Bankdan cümə günü Trend-ə verilən məlumata görə, yalnız bu ilin əvvəlindən fərdi əmanətlər portfeli 32,18 milyon manat artım nümayiş etdirərək, bank xidmətləri bazarında oxşar orta göstərici dinamikasını üstələyib. Depozit portfelinin genişlənməsi ilk növbədə əmanətçilərin sayının artımı hesabına baş verir. Maraqlıdır ki, əmanətlərin artımı onlar üzrə təklif olunan faiz dərəcələrinin aşağı endirilməsi zamanı da davam edir. Belə ki, ötən ilin iyul ayının 31-dən Unibank-a əmanətlərini etibar edən fiziki şəxslərin sayı, demək olar ki, 50% artıb. Onların bankla bağladıqları depozit sövdələşmələrin sayı isə cari ilin yanvar-iyul aylarında ötən ilin müvafiq göstəricisindən 1,6 dəfə çox olub.
Bakı və Sumqayıtla yanaşı, Unibank-ın yeddi regional filiallarında da (Lənkəran, Şəki, Mingəçevir, Quba, Gəncə və Şəmkirdə) fərdi əmanətçilərin sayı 70% artıb. Qeyd edək ki, ABŞ dollarında olan bütün növ əmanətlər üzrə ("Müddətli", "Proqressiv", "Yığım", "Faizlər əvvəlcədən") faiz dərəcələri optimallaşdırılaraq milli valyutada açılan əmanətlərlə bərabərləşdirilib. Nəticədə, bankın fərdi əmanətçilərə təklif etdiyi maksimal faiz dərəcəsi illik 12,4% təşkil edib.
"Fərdi əmanətlər portfelinin genişlənməsi adətən etibar qazanan banklarda baş verir və Unibank-da bu artım sabit faiz dərəcələri şəraitində davam etdiyinə görə, biz artıq əhali arasında işimizlə fəxr edə bilərik", - bankın Satışlara dəstək və nəzarət bölməsinin baş meneceri Müstəqim Abdullayev bildirib.
Onun sözlərinə görə, bank hər ay orta hesabla əmanətçilərlə 1,5 milyon manatdan çox faiz gəliri ödəyir. Eyni zamanda, Abdullayev hesab edir ki, əmanətlərin artımı bankın pərakəndə kreditlərin verilməsində daimi fəallığı ilə bağlıdır. "Depozit proqramların reklamını aparmasaq da, müştərilər bizi keyfiyyətli və sabit işlə, risklərin minimuma endirilməsi ilə tanıyır", - o, fikrini tamamlayıb.
Qeyd edək ki, 2007-ci il iyunun 30-dan "Unibank" Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun ilk üzvlərindədir. Bakı ilə bərabər ölkənin 9 şəhərində fəaliyyət göstərən 28 filial və şöbələri vasitəsilə bank 223 minə yaxın özəl və korporativ müştərilərə xidmət göstərir. Onlardan 119 mindən artıq müştəri Fondun sığortalanma şərtlərinə uyğun depozit hesablarının sahibləridir.