Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Ə.Həsənov/
2012-ci ilin iyul ayının əvvəlində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 620,6 min nəfər olub, onların orta siyahı sayı isə 1 391,5 min nəfər təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
"Onlardan 850 mini iqtisadiyyatın dövlət bölməsində, 541,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib", - məlumatda bildirilir.
Muzdla işləyənlərin 23,7 faizi təhsildə, 19,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 9,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,2 faizi tikintidə, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 14,8 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2012-ci ilin iyul ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 394,6 manat təşkil edib, yanvar-iyul aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 386,0 manat olub.
Məlumatda bildirilir ki, digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə və inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.