Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan Mərkəzi Bankı (AMB) yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2012-ci ilin yanvar-sentyabr aylarında 45,58 milyon manat (58 milyon dollardan çox) məbləğində kredit verilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.
Sentyabr ayı ərzində ipoteka kreditlərinin verilməsinin ümumi həcmi 7,22 faiz artıb.
AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilə qədər - 391 milyon manatdan çox ipoteka krediti ayrılıb.
2012-ci ilin yanvar-sentyabr ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 69,5 milyon manat təşkil edib.
Bu ilin doqquz ayı ərzində AİF 23 milyon manat həcmində istiqrazlar yerləşdirib.
Ayrılan kreditlərin ümumi həcmindən gənclərə və gənc ailələrin payına 72 faiz düşür (borcalanların 41 faizi 18-29 yaşında, 31 faizi 30-35 yaşındadır). Kreditlərin 28 faizi isə yaşı 36-dan çox olan borcalanların payına düşür.