...

Azərbaycanda arı ailəsinin sayını 5 dəfə, onun məhsuldarlığını 2 dəfə artırmaq mümkündür - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2012 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Bu gün Bakıda arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası açılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, açılış mərasimində kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov çıxış edərək aqrar sahənin, o cümlədən arıçılığın inkişafından, görülən işlərdən danışıb, yarmarkanın əhəmiyyətindən bəhs edib.

Aslanov bildirib ki, "Arıçılıq haqqında" qanuna əsasən bu tədbirin hər il keçirilməsi artıq bir ənənəyə çevrilib. Sərgi-satış yarmarkası, xüsusilə, Bakı sakinlərində böyük maraq doğurur. Yarmarkanın məqsədi ölkəmizdə arıçılığı təbliğ etmək, onu geniş yaymaq, inkişaf etdirmək, arıçılıq sahəsində təcrübə mübadiləsi aparmaq və arıçılıq məhsullarının ixracı üçün yollar axtarmaqdır. Nazir müavini diqqətə çatdırıb ki, yarmarkaya 51 şəhər və rayondan 200 nəfər arıçı gəlib. Satışa 107 ton bal, 40 kiloqram çiçək tozu, 1,5 kiloqram arı südü, 10 kiloqram vərəmum çıxarılıb. Yarmarka başlamamışdan əvvəl satışa çıxarılan arıçılıq məhsullarının keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlanılıb. 1 kiloqram yüksək keyfiyyətli bal 15 manata satılır.

Aslanov qeyd edib ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda arıçılığın da inkişaf etdirilməsi nəzərdə tutulub. Ölkəmizin əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları bazası və qiymətli cinslərə malik arı genofondu bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Arıçılıq iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi əhəmiyyət baxımından xeyirli, ekoloji mühitin yaxşılaşdırılması istiqamətində isə ən faydalı təsərrüfat sahəsidir.

Nazir müavini bildirib ki, bu il yanvarın 1-nə Azərbaycanda 212 651 arı ailəsi olub. Hər arı ailəsindən keçən illərdə orta hesabla 10-11 kiloqram bal alınırdı. Cari ildə 1100 ton bal istehsalı gözlənilir. Ölkəmizdə arıçılıqla 6 mindən çox adam məşğul olur. Hesablamalar göstərir ki, ölkədə arı ailəsinin sayını 5 dəfə, onun məhsuldarlığını 2 dəfə artırmaq mümkündür. 2004-cü ilə nisbətən 2011-ci ildə Azərbaycanda arı ailələrinin sayı 2,2 dəfə artıb. Azərbaycanda bal istehsalı daxili tələbatı tam ödəyir.

Nazir müavini ekoloji cəhətdən təmiz arıçılıq məhsullarının ixracına nail olmağa çalışdıqlarını vurğulayıb. Çünki Azərbaycan balına olan tələbin kökündə onun yüksək keyfiyyəti durur. Gəlirli, rəqabət qabiliyyətli arıçılığın daha da inkişaf etdirilməsinin vacibliyinə toxunan Aslanov nəzərə çatdırıb ki, arıçılıqda elmi əsaslandırılmış kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Hazırda mövcud arı təsərrüfatlarının 80-90 faizi primitiv üsullarla, köhnə qaydalarla idarə olunur. Arı məhsullarından əsasən bal istehsal olunur. Digər məhsulların (arı zəhəri, mum, arı südü və s.) istehsalı da diqqətdə saxlanılmalıdır. Arıçılıqda seleksiya-damazlıq işləri ildən-ilə təkmilləşdirilir. Hazırda ölkədə 32 özəl damazlıq təsərrüfatı fəaliyyət göstərir.

Nazir müavini bildirib ki, Azərbaycanda "Peşəkar arıçılar", "Qızıl pətək", "Dağ arıçıları" ictimai birlikləri fəaliyyət göstərir. Bunlarla yanaşı, respublikada Arıçılar İttifaqı yaradılıb. Onlar bu sahədə geniş iş aparırlar. Nazirlik arıçılığın inkişaf etdirilməsinə ciddi fikir verir. Aslanov onu da əlavə edib ki, gələn il daha böyük, 400-500 nəfər tutan yerdə sərgi-satış yarmarkasının keçirilməsi planlaşdırılır.

Digər çıxış edənlər də ölkədə arıçılığın inkişafından danışıblar. Məlumat verilib ki, yarmarkaya saxtalaşdırılmış bal gətirilməsinə qarşı ciddi mübarizə aparılır.

Sonra satış-sərgisi ilə tanışlıq başlanıb.

Yarmarka noyabrın 5-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti