...

Azərbaycan regionlarının inkişafı üzrə onillik dövlət proqramı qəbul ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2012 12:09 (UTC +04:00)
Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsi üzrə tədbirlər orta sinfin formalaşmasını sürətləndirəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin rəhbəri Zaur Qasımov çərşənbə günü "Azərbaycanda orta sinif: sosial, iqtisadi, siyasi dinamika və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Azərbaycan regionlarının inkişafı üzrə onillik dövlət proqramı qəbul ediləcək

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsi üzrə tədbirlər orta sinfin formalaşmasını sürətləndirəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin rəhbəri Zaur Qasımov çərşənbə günü "Azərbaycanda orta sinif: sosial, iqtisadi, siyasi dinamika və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

"Azərbaycanda sahibkarlığın inkişafı üçün hərtərəfli tədbirlər görülür. Ölkədə 9 ay ərzində 284 müəssisə tikilib, hazırda isə 44-nün tikintisi davam edir. Biz kiçik və orta sahibkarlığı dəstəkləməklə iri istehlakçı, sərmayəçi və vergi ödəyicisi olan orta sinfin formalaşdırılmasını sürətləndiririk", - Qasımov deyib.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun sözlərinə görə, gələn ilin fevral ayında ölkənin regionlarının sosial-iqtisadi inkişafı üzrə indi olduğu kimi beşillik deyil, onillik dövlət proqramının qəbul ediləcəyi gözlənilir. Formalaşan orta sinif yaxın on il ərzində ÜDM-in iki dəfə artmasına nail olmaqda xüsusi rol oynayacaq.

"Son 20 il ərzində ölkədə iqtisadiyyatın inkişafının əsasını neft strategiyası təşkil edir. Lakin gələcək illərdə ölkə iqtisadiyyatı şaxələndiriləcək və bu baxımdan orta sinfin rolu vacibdir", - Məmmədov deyib.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu gün Azərbaycanda orta sinfin formalaşmasının sürətləndirilməsi üçün qanunvericilikdə, Vergi Məcəlləsində dəyişikliklərin edilməsi barədə düşünmək lazımdır.

"Qısa müddətdə Azərbaycanda yeni iqtisadi sistem formalaşıb. İndiyədək ölkədə orta sinfin formalaşmaması bu sistemin günahı deyil. Bu, dünyanın heç bir yerində 20 il ərzində baş verməyib. Bu proseslər müəyyən zaman tələb edir", - Səmədzadə deyib.

Konfransın təşkilatçıları qismində SAM və Dünya Bankı çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti