...

Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70 faizə yaxındır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2012 14:19 (UTC +04:00)
Hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70%-ə yaxındır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2012-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.
Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70 faizə yaxındır

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir A.Axundov/

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70%-ə yaxındır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2012-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.

2012-ci ilin yanvar-sentyabr aylarında ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlinə nəzərən 11% artaraq 45 mlrd. dolları ötüb ki, bu da təqribən 3 illik mal və xidmətlərin idxalına kifayət edir.

"Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və ya güclü makroiqtisadi bufer formalaşdıran faktordur" - icmalda qeyd olunur.

AMB-nin valyuta ehtiyatları isə 10% artaraq 11.5 mlrd. dollar olub ki, bu da təqribən bir illik mal və xidmət idxalını maliyyələşdirməyə kifayətdir.

Son dövrlər qlobal iqtisadiyyatda gedən proseslər nəticəsində neftin dünya bazar qiymətinin azalmağa meyilli olmasına baxmayaraq, ümumən yüksək neft qiyməti hesabına 2012-ci ilin 9 ayında ölkənin xarici mövqeyində müsbət dinamika müşahidə olunub. Azərbaycan neftinin orta qiymətinin 114 dollara çatması ölkənin valyuta gəlirlərinə müsbət təsir edib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına əsasən, cari ilin ötən 9 ayında xarici ticarət dövriyyəsi 24.6 mlrd. dollar təşkil edib ki, bunun da 17.8 mlrd. dolları ixracın, 6.8 mlrd. dolları isə idxalın payına düşür. Xarici ticarət balansının profisiti isə 11 mlrd. dollar olub.

İxracda yüksək templə artan mallara misal kimi meyvə, maye qaz, çay, tərəvəz və s. göstərmək olar. Bəzi sahələrdə ixrac mallarının miqdarı azaldığı halda, məbləği artıb, bəzilərində isə əksinə proses qeydə alınıb.

İdxalı artan mallara isə polietilen, uzunmüddətli istifadə əşyaları, gübrələr, avtomobillər və s. aiddir. İdxalın strukturunda maşın, mexanizm və nəqliyyat vasitələri 40% paya malikdir ki, bu da dövr ərzində 13%-ə yaxın azalıb. Eyni zamanda, bir sıra yeyinti məhsullarında da azalmanın qeydə alınması daxili istehsalın genişlənməsinin göstəricisi ola bilər.

İxracdan əlavə, xaricdən pul baratlarının və kapital axınlarının dinamikası da ölkəyə valyuta daxilolmalarına artırıcı təsir göstərib. Ən ilkin məlumatlara görə, 9 ayda ölkəyə daxil olan pul baratlarının həcmi 1 mlrd. dolları ötüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyaların həcmi ötən dövrdə 12% artaraq 2 mlrd. dolları ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti