...

Azərbaycanlı sahibkar qadınlar İstanbulda keçirilən Zirvə görüşündə iştirak ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2012 16:23 (UTC +04:00)
Kadın Girişimçilər Dərnəyinin (KAGİDER) İstanbul Konqres Mərkəzində təşkil etdiyi Qadınların Zirvə Toplantısında Azərbaycandan 20 sahibkar xanım iştirak edib.
Azərbaycanlı sahibkar qadınlar İstanbulda keçirilən Zirvə görüşündə iştirak ediblər

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Kadın Girişimçilər Dərnəyinin (KAGİDER) İstanbul Konqres Mərkəzində təşkil etdiyi Qadınların Zirvə Toplantısında Azərbaycandan 20 sahibkar xanım iştirak edib. Yerli və xarici ölkələrdən gələn lider qadınların iştirak etdiyi toplantıda qadınların bütün sahələrdə aparıcı mövqe sahibinə çevrilməsi məsələləri müzakirə olunub.

Azərbaycan Sahibkarlar Konfederasiyasından Trend-ə verilən məlumata görə, Dərnəyin bu il təşkil etdiyi sayca 3-cü toplantının açılış mərasimində çıxış edən KAGİDER sədri Gülden Türktan bildirib ki, bu gün qadınlar dünyada 20 trilyon dollarlıq bir iqtisadiyyatı idarə edirlər. Gələcək 5 ildə bu rəqəmin 28 trilyona çatacağı gözlənilir. Hazırda dünyada 1 milyard qadın iş həyatına atılıb və gələcək 5 ildə bu rəqəm 1,2 milyarda çatacaq. Türktan qeyd edib ki, əgər qadınlar qarşılarına çıxan fürsətləri zamanında layiqincə dəyərləndirsə, yeni dünya quruluşunda qadınlar üçün yeni yol açılacaq. O, bəyan edib ki, yeni dünya quruluşunda ölkələrin istər iqtisadiyyat, istərsə də siyasi aləmdə söz sahibi olmaları üçün qadınların qarşısında olan baryerlər məhv edilməlidir.

Qadınların kölgədə qalan potensialının üzə çıxarılmasının müasir dövrün tələblərindən olduğunu deyən lider qadınlar bildiriblər ki, çalışan qadınların həyat şəraitini yaxşılaşdırmaq məqsədilə dövlət proqramları tərtib olunmalıdır.

Zirvə toplantısının ikinci günü isə qadının yüksələn gücü, dəyişməyi hədəfləyərək yeni iş imkanları yaratmaq, inkişaf edən iqtisadiyyatlarda qadınların sayını artırmaq kimi panellərlə davam edib.

Avropa, Afrika, Amerika ölkələrindən, Çin və Türkiyədən lider qadınların qatıldığı toplantıda Azərbaycanın ictimai-iqtisadi həyatında fəal iştirak edən qadınlardan biri hesab olunan Jalə Hacıyevanın çıxışı da maraqla qarşılanıb. Hacıyeva Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayının çox olduğunu, onların mikrokreditlər vasitəsilə iş qurmağa cəhd etdiklərindən söhbət açaraq, ölkəmizdə sahibkar qadınlarla bağlı mövcud vəziyyəti təhlil edib.

Daha sonra Azərbaycandan Zirvə toplantısında iştirak etmək üçün İstanbula gedən sahibkar qadınlar Türkiyədəki Azərbaycanlı İşadamları Birliyində görüş keçiriblər. Birliyin rəhbəri Seymur Ağayevlə görüş zamanı azərbaycanlı sahibkar qadınlar sahibkarlıq fəaliyyətləri ilə bağlı məlumat verərək yeni iş imkanlarını müzakirə ediblər. Görüşdə Türkiyədəki Azərbaycanlı İş adamları Birliyi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında sıx əlaqə olduğu, bundan sonra daha səmərəli əməkdaşlığın qurulacağı ilə bağlı vəd verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti