Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir A.Axundov/
Çərşənbə günü Bakıda Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Sloveniyanın Sahibkarlıq, İnnovasiyalar, İnkişaf, İnvestisiyalar və Turizm üzrə Dövlət Agentliyi (SPIRIT) əməkdaşlıq çərçivəsində Anlaşma memorandumu imzalayıblar.
Trend-in məlumatına görə, Azərbaycan tərəfdən sənədi AZPROMO-nun rəhbəri Rüfət Məmmədov, Sloveniya tərəfdən SPIRIT-in direktoru vəzifəsinin icraçısı Boştian Skalar imzalayıb.
İmzalama mərasimi Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumu çərçivəsində baş tutub. Tədbirdə, həmçinin Bakı Dövlət Universiteti ilə Lyublyana Universiteti, Azərbaycan Texniki Universiteti və Sloveniyanın "İskratel" şirkəti arasında, Oğuz rayonunun və Sloveniyanın Nova-Qorisa şəhərinin icra hakimiyyətləri, Azərbaycanın "Azərinşaatservis" və Sloveniyanın DUOL şirkətləri arasında Anlaşma memorandumları imzalanıb.
Biznes forumu Sloveniyanın Baş naziri Yanez Yanşanın Azərbaycana səfəri çərçivəsində keçirilib.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, enerji, turizm, tikinti, səhiyyə, təhsil, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.