...

Astara və Ağsuda sahibkarlar üçün treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2013 16:12 (UTC +04:00)
Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Astara rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları” və “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.
Astara və Ağsuda sahibkarlar üçün treninqlər keçirilib

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Fevralın 21-də Astara rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Astara rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" Proqramı ("GSP+") və onun biznes üçün əhəmiyyəti barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Həmin gün Ağsu rayonunda da İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Ağsu rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün treninqlər təşkil olunub. "Biznes-planların və investisiya layihələrinin hazırlanması" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında keçirilən treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə və s. barədə ətraflı məlumat verilib, "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzusunda təqdimat keçirilib.

Tədbir iştirakçıları, həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar barədə məlumatlandırılıb.

Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti