Azərbaycan, Bakı, 4 may /Trend, müxbir A.Axundov/
Azərbaycan Mərkəzi Bankı (AMB) yerli bankları əhalinin maliyyə savadlılığının artırılması və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində işləri gücləndirməyə çağırır. Trend-in məlumatına görə, bu barədə şənbə günü AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov Biləsuvar şəhərində keçirilən "Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və maliyyə savadlılığı məsələləri" seminarında çıxışı zamanı bildirib.
Rüstəmovun sözlərinə görə, bu sahədə böyük həcmdə işlər görən Mərkəzi Bank onu gələcəkdə də genişləndirmək fikrindədir.
"Siz öz hüquqlarınızı yaxşı bilən peşəkarlarsınız. Ancaq əhalinin öz hüquqları barədə məlumatlılığı istənilən səviyyədə deyil. Əgər siz ani xeyir haqqında deyil, uzunmüddətli inkişaf haqqında fikirləşsəniz, onda əhalinin maliyyə savadlılığının artırılmasında maraqlı olacaqsınız. Bu da, öz növbəsində əhali arasında banklara inamı artıracaq və onların rifahını yaxşılaşdıracaq", - Rüstəmov bank rəhbərlərinə müraciətində bildirib.