...

Mərkəzi Bank tərəfindən Beynəlxalq Əmanət Günü keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2013 17:47 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı tərəfindən Azərbaycan Banklar Assosiasiyasında Beynəlxalq Əmanət Günü (BƏG) keçirilmişdir.
Mərkəzi Bank tərəfindən Beynəlxalq Əmanət Günü keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Azərbaycan Mərkəzi Bankı tərəfindən Azərbaycan Banklar Assosiasiyasında Beynəlxalq Əmanət Günü (BƏG) keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev Azərbaycanda ilk dəfə olaraq bu günün 2012-ci ildə Mərkəzi Bankın təşəbbüsü ilə Əmanətlərin Sığortalanması Fondu, Almaniyanın Əmanət Kassalarının Beynəlxalq İnkişaf Fondu ilə birgə və bir neçə kommersiya bankının iştirakı ilə keçirildiyini bildirmişdir.

"Ötən ilki tədbirdən sonra bir sıra banklar bizə bu tədbirdə maraqlı olduqlarını və növbəti illərdə bizə qoşulmaq istədiklərini bildirmişdirlər. Bu səbəbdən biz bu ilki tədbirlərin daha geniş şəkildə keçirilməsi üçün ölkənin bütün kommersiya banklarını, həmçinin Azərbaycan Mikromaliyyə Assosiasiyasını da dəvət etmişik" - deyə X.Abdullayev qeyd etmişdir.

Daha sonra Almaniya Əmanət Banklarının Beynəlxalq İnkişaf Fondunun nümayəndəsi Henninq Zeeman BƏG ilə bağlı bu il nəzərdə tutulan tədbirlər, bunun üçün tələb olunan büdcə və koordinasiya məsələlərinə dair iştirakçılara ətraflı məlumat vermişdir.

Qeyd edək ki, Beynəlxalq Əmanət Günü ilk dəfə 1924-cü ilin oktyabr ayında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin Beynalxalq Konqresində keçirilmişdir. Hazırda bu tədbir bütün qabaqcıl ölkələrdə, o cümlədən Azərbaycanda da qeyd edilir.

BƏG tədbirləri çərçivəsində indiyədək Bakıda və həmçinin regionlarda 28 məktəbə səfərlər edilmiş, müxtəlif müsabiqələr keçirilmişdir. 26 bank filialı məktəblilər üçün açıq qapı tədbiri keçirmiş, onlara bank və iqtisadiyyat, depozit və kredit barədə ətraflı məlumat vermiş, təqdimatlar nümayiş etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti