...

QDTİB Rəhbərlər Şurasının illik toplantısı çərçivəsində Azərbaycan Biznes Forumu keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2013 19:42 (UTC +04:00)
İyunun 21-də Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 15-ci illik toplantısı çərçivəsində Azərbaycan Biznes Forumu keçirilib.
QDTİB Rəhbərlər Şurasının illik toplantısı çərçivəsində Azərbaycan Biznes Forumu keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

İyunun 21-də Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 15-ci illik toplantısı çərçivəsində Azərbaycan Biznes Forumu keçirilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Forumda iqtisadi inkişaf üzrə strateji siyasətlə bağlı müzakirələr aparılıb, Azərbaycan dövlət rəsmiləri tərəfindən dövlətin iqtisadi şaxələndirməyə yanaşma prinsipləri təqdim olunub. Həmçinin, dünyanın aparıcı beynəlxalq maliyyə institutları arasında beynəlxalq təcrübəyə əsaslanan hərtərəfli işlənilib hazırlanmış tövsiyələr barədə fikir mübadiləsi aparılıb.

Açılış mərasimində çıxış edən QDTİB-in Rəhbərlər Şurasının sədri, Azərbaycanın maliyyə naziri Samir Şərifov bu tədbirin ölkəmizin imici üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan ötən illərdə böyük iqtisadi uğurlara nail olub. Bu, ölkənin əsas maliyyə mənbəyi olan neft-qaz sektorundan əldə edilən gəlirlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində iqtisadiyyatın digər sahələrinə düzgün istiqamətləndirilməsi nəticəsində mümkün olub. Bu gün təbii ehtiyatların düzgün və səmərəli idarə olunması üzrə Azərbaycan nümunə kimi göstərilən ölkələrdən biridir.

Nazir qeyd edib ki, son 10 ildə Azərbaycan iqtisadi artıma görə dünyada lider ölkələrdən biri olub. Eyni zamanda, son 15 il ərzində Azərbaycan iqtisadiyyatına 100 milyard dollar investisiya yatırılıb. Ölkənin strateji valyuta eytiyyatları 47 milyard dolları üstələməkdədir. Qarşıya qoyulan hədəflər barədə danışan S.Şərifov bildirib ki, dövlət başçısının fərmanı ilə təsdiq olunmuş "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı, xüsusən nəqliyyat, logistika, İKT, kənd təsərrüfatı kimi sahələrin artımı əsas məqsədlər kimi müəyyənləşdirilib.

S.Şərifov Azərbaycanın QDTİB-yə üzv ölkələrlə xarici ticarət dövriyyəsinin ölkənin ümumi ticarət dövriyyəsinin 22 faizini təşkil etdiyini vurğulayıb. Dünya iqtisadiyyatında QDTİB-in rolu barədə danışan nazir quruma üzv ölkələrin Avrozonanın borc böhranı nəticəsində rastlaşdıqları maliyyə çətinliklərindən söz açıb. Qeyd olunub ki, ötən il sözügedən ölkələrdə iqtisadi artımda əvvəlki illə müqayisədə 50 faizədək yavaşlama baş veribr: "Bu gün QDTİB tənəzzül yaşayan ölkələrdə iqtisadiyyatın dirçəlməsi üçün əməli tədbirlər həyata keçirir. Bu, əsasən, həmin ölkələrdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində özünü göstərir. Elə bu tədbir çərçivəsində 4 kredit müqaviləsinin imzalanması gözlənilir".

QDTİB-in prezidenti Andrey Kondakov qeyd edib ki, bu toplantı Azərbaycanda görülən işlərin, böyük iqtisadi dirçəlişin bir daha şahidi olmaq imkanı qazandırır. Tədbirdən gözləntilər barədə danışan A.Kondakov vurğulayıb ki, keçiriləcək biznes forumda özəl sektorun inkişafı və iqtisadi strategiyanın təşkili mövzusunda müzakirələr aparılacaq, müxtəlif ölkələrin təcrübələrini bölüşmək üçün imkanlar yaranacaq. Biznes forumda iş adamları arasında ikitərəfli görüşlər də keçiriləcək.

İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycan son illər ərzində iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində bir sıra nailiyyətlər qazanıb və bu istiqamətdə tədbirləri davam etdirir. Azərbaycan digər ölkələrlə əlaqələr qurur və ixracyönümlü məhsulların istehsalını artırmaqda davam etdirir. Ötən 10 il ərzində ölkədə ixracyönümlü məhsulların istehsalı 23 faiz artıb və növbəti illərdə daha 20 faiz artım gözlənilir.

Tədbirin panel müzakirələrində dünya iqtisadiyyatının müxtəlif inkişaf aspektləri müzakirə olunub, AZPROMO tərəfindən Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimat keçirilib, o cümlədən Azərbaycanın investisiya imkanları barədə iş adamlarına məlumat verilib. Biznes forum daha sonra iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Tədbir çərçivəsində QDTİB ilə Azərbaycanın 3 maliyyə təsisatı arasında kredit müqaviləsi imzalanıb. Həmin müqavilələrə əsasən, QDTİB "Unibank"a 5 milyon dollar, "Finca Azərbaycan"a 10 milyon dollar, "TBC Kredit"ə 4 milyon dollar vəsait ayırıb. Kreditlər Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti