...

Şirvan-Muğan qrup su kəmərinin inşası yekunlaşmaq üzrədir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2013 16:28 (UTC +04:00)
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Kürətrafı rayonlarda içməli su probleminin həll edilməsi məqsədilə inşa edilən Şirvan-Muğan qrup su kəmərinin inşası yekunlaşmaq üzrədir. Təməli 16 iyul 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulmuş Şirvan-Muğan qrup su kəmərinin mənbəyi Kür su kəmərləri sistemidir.
Şirvan-Muğan qrup su kəmərinin inşası yekunlaşmaq üzrədir (FOTO)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Kürətrafı rayonlarda içməli su probleminin həll edilməsi məqsədilə inşa edilən Şirvan-Muğan qrup su kəmərinin inşası yekunlaşmaq üzrədir. Təməli 16 iyul 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulmuş Şirvan-Muğan qrup su kəmərinin mənbəyi Kür su kəmərləri sistemidir.

"Azərsu ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tikinti işləri başlanandan indiyə qədər ümumi uzunluğu 107 km olan magistral kəmərin 100 km-lik hissəsində işlər tam başa çatıb. Kəmərin 55 km hissəsi 1200 və 1000 mm diametrli metal, 52 km-lik hissəsi isə 710 mm diametrli polietilen borularla çəkilir.

İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən izolyasiya edilib. Kəmərin marşrutu boyunca su alacaq kəndləri su ilə təmin etmək üçün çıxışlar verilir. Ətraf kənd və qəsəbələri davamlı və özüaxımlı rejimdə içməli su ilə təmin etmək məqsədilə kəmər boyunca ümumi tutumu 50 min kubmetr olan su anbarları da inşa edilir.

Şirvan-Muğan qrup su kəmərinin inşasının avqust ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla da Salyan və Biləsuvar şəhələrinə içməli suyun verilməsi təmin ediləcək. Artıq magistral su kəmərinin bir hissəsinin istismara verilməsi ilə Hacıqabul və Şirvan şəhərlərinə içməli suyun verilməsinə başlanıb. Yeni mənbədən içməli suyun verilməsi ilə Hacıqabulda 8 min nəfərin, Şirvan şəhərində isə 15 min nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşıb. Hazırda Hacıqabul və Biləsuvar şəhərlərində su təchizatı şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir. Yaxın gələcəkdə Şirvan, Salyan və Neftçala şəhərlərində də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaq. Magistral kəmərin istismara verilməsi ilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin 470 min nəfər sakini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunacaq.

Qeyd edək ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti regionlarda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Hazırda 38 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Regionlarda reallaşdırılan layihələr rayon mərkəzlərinin yaxınlığında və magistral kəmərlərin keçdiyi ərazilərdə yerləşən 350-dən artıq kəndi də əhatə edəcək. İstehlakçıların keyfiyyətli və dayanıqlı içməli su ilə təchiz etmək üçün yeni infrastrukturlar yaradılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti