Azərbaycan, Bakı, 30 avqust /Trend /
Ellada Xankişiyeva, Trend BİA Analitik Mərkəzinin rəhbəri
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun Azərbaycanda sahibkarların fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi sisteminin islahında əhəmiyyətli addım olacaq.
Sirr deyil ki, bəzən müxtəlif instansiyalar tərəfindən sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması istehsal prosesinə mane olur və iş adamlarını fəaliyyətə olan stimuldan məhrum edirdi. Eyni zamanda dünya biznes praktikası sübut etdi ki, xırda və orta sahibkarlıq istənilən ölkənin milli iqtisadiyyatında çox vacib yer tutur. Məhz onlar böyük ölçüdə iqtisadiyyatın artım tempini, milli məhsulun strukturunu və keyfiyyətini müəyyən edir.
Yoxlama aparan orqanların siyahılarının dəqiqləşdirilməsi icra hakimiyyəti orqanları tərəfindən nəzarət funksiyalarının sərbəst mənimsənilməsi cəhdlərinin qarşısını almağa icazə verəcək. Sonra isə ümumilikdə yoxlama aparan orqanların sayının kəskin azaldılması planlaşdırılır. Dünya praktikası göstərir ki, hər bir ölkədə yalnız bir və ya iki belə orqan mövcuddur.
Yeni qanunla tənzimlənən yoxlamaların həcminin və tezliklərinin ixtisarı ölkənin xırda və orta sahibkarlıq sektorunu razılaşdırılmayan yoxlamaların keçirilməsindən qoruyacaq və onun üçün qanunun zəmanətlərini yaradacaq. Bununla da praktikada Azərbaycanda sahibkarlığın möhkəmlənməsi və öz inkişafını davam etdirməsi üçün real imkan yaradılır.
Öz əsasında qanun həm sahibkarlara, həm də istehlakçılara böyük üstünlüklər verir. Xüsusilə də hər bir iş adamı aşağı riskli sahibkarlar qrupuna daxil olmaq istəyəcək. Çünki bu onu tez-tez (üç ildə bir) keçirilən yoxlamalardan azad edəcək. Lakin qanunda göstərilib ki, sahibkar bunun üçün öz fəaliyyətində səhvlər buraxmamalıdır. Bu isə öz növbəsində, insanların həyat və sağlamlığı, əmlak, ətraf mühitin təhlükəsizliyini, o cümlədən dövlətin əmlak maraqlarını təmin edəcək.
İndi əsas iş cəmiyyətin məlumatlandırılması və sahibkarların hüquqi savadlılığının artırılmasıdır. Əgər sahibkarlar öz hüquqlarını və zəmanətlərini bilsələr, bu, Azərbaycanın biznes mühitində sağlam vəziyyətin saxlanılmasına kömək edəcək, o cümlədən iş adamlarının təhlükəsizlik hisslərini yüksəldəcək.
Sahibkarlıq fəaliyyəti bir çox ölkələrdə dövlət tərəfindən dəstəklənir və Azərbaycan da bu qaydadan istisna təşkil etmir. Bu sahədə ən böyük uğur yaradılan müəssisələrin qeydiyyatı üçün 2008-ci ilin yanvarından bizim ölkəmizdə "bir pəncərə" sisteminin tətbiqidir ki, bu da bu istiqamətdə lazım olan prosedurların 30-dan 6-ya qədər azaldılmasına və lazım olan xərcləri iki dəfə azaltmağa imkan verdi. Bu rəqəmlər bunu təsdiqləyir.
Öhdəlikləri Vergilər Nazirliyinin üzərinə qoyulan vahid qeydiyyat orqanının yaranması nəticəsində Azərbaycanda yeni iş açmaq olduqca asan oldu.
Məhz bu vaxtdan etibarən Azərbaycanda yeni müəssisələrin sayının artması tendensiyası yarandı. Nümunə olaraq, əgər 2009-cu ilin iyulun birində hüquqi şəxslərin rəsmiləşdirilməsi olmadan sahibkar fəaliyyəti ilə 281132 nəfər məşğul olurdusa, onda 2013-cü ilin analoji dövründə onların sayı 448004 nəfər təşkil edib. Yəni, beş il ərzində yalnız fərdi sahibkarların sayı yarım dəfə artıb.
Biznesin idarə edilməsində rahat şərtlər Azərbaycanda sahibkarlığın müxtəlif sahələrinə böyük investisiyalar üçün yaxşı stimuldur.