Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir E.Əliyev/
Azərbaycanın ali məktəbləri maliyyə məsələləri üzrə müavin ştatının və ya universitetlərin gəlirləri, xərcləri və mənfəətlərini hesablayacaq menecerlərin cəlb edilməsi barədə düşünməlidir.
Trend-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov çərşənbə günü parlamentin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin geniştərkibli iclasında 2014-cü il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bunu ali məktəblərin maliyyələşdirilməsi mexanizminin dəyişdirilməsi tələb edir:
"Əvvəllər hər bir ali məktəb üçün vəsaitlər dövlət büdcəsində xərclərin ayrıca bölgüsü ilə yerləşdirilirdi. Hazırda ölkənin ali məktəblərinin inkişafı üçün vəsaitlər Təhsil Nazirliyinə ayrılır. Nazirlik onun bölüşdürülməsi ilə məşğul olur".
S.Şərifov qeyd edib ki, ali məktəblər maliyyə muxtariyyəti istədilər və bunu əldə ediblər: "Təhsil müəssisələri maliyyə vəsaitlərinin idarə edilməsi üçün ştat vahidinin tətbiqi haqqında düşünməlidir. Belə təcrübə Avropa və ABŞ-da tətbiq edilir".